Havanın kəskin dəyişməsi təbii qaza olan tələbatı artırıb - FOTO
“Havaların kəskin soyuması ilə əlaqədar təbii qaza olan tələbat artıb. Buna baxmayaraq tələbata uyğun olaraq abonentlərin təbii qazla təmin olunması icra olunur və bu sahədə hər hansı problem yoxdur”.
Redaktor.az xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı dedi.
Şöbə rəisi bildirib ki, bu ilin 9 fevral tarixində 42 milyon 721 min kub metr qaz qəbul edildi:
“Bunun 24 milyon 555 min kub metri Bakı və Abşeron yarımadasının, 18 milyon 166 min kub metri isə regionların payına düşür”.
Qurum rəsmisi həmçinin qeydə alınan göstəricilərin ötən ilin mövcud günü ilə müqayisədə 8 milyon 170 min kub metr çox olduğunu da diqqətə çatdırdı.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev havanın kəskin soyuması ilə əlaqədar son 3 gün ərzində qaz təsərrüfatına dəyən ziyandan söz açdı:
“10 ünvanda ağac və daş hasarların aşması nəticəsində sayğaclara ziyan dəyib, 1 ünvanda isə avto qəza baş verib. Qəza nəticəsində diametri 219 mm olan orta təzyiqli qaz xətti qırılıb, nəticədə 1500 abonent qazsız qalıb”, - deyə qurum rəsmisi qeyd etdi.
Onun sözlərinə görə hadisə baş verəndən sonra dərhal Birlik əməkdaşları əraziyə cəlb olunub və qısa müddət ərzində qəza nəticələri aradan qaldırılıb.
E.Vəliyev müxbirimizin "Buz qəzaların cəriməsi kimə kəsilir?" sualına belə cavab verdi:
"Bəzi qəzalar zamanı biz insanlarımızın maddi durumunu nəzərə alırıq, onun nəticələri "Azəriqaz"ın hesabına aradan qaldırılır. Lakin elə böyük qəzalar var ki, onun günahkarları təbii ki, buna görə cərimə ödəməlidir. Deyək ki, bir sürücü avtomobilini böyük qaz borusuna çırpb, böyük bir qəsəbəni qazsız qoyub. O zaman həmin ada mütləq cərimə ödəməlidir".
İLTİFAT