"Həyatımda o qədər çox meyit görməmişdim" - Türkiyədən təxliyə olunan - FOTO
"Bu günə kimi həyatımda o qədər çox meyit görməmişdim, dəhşətli mənzərə idi".
Redaktor.az xəbər verir ki, bunu "report"a açıqlamasında Kahramanmaraşın Elbistan bölgəsindən Azərbaycana təxliyə olunan Ülviyyə Hacıyeva deyib.
O, ilk yeraltı təkanların fevralın 6-da gecə saat 04:00-da hiss edildiyini, lakin həmin vaxt heç bir təhlükə olmadığını, daha sonra isə dəhşətli zəlzələnin baş verdiyini söyləyib: "İlk təkanlarda şükür etdik ki, xilas olduq və kimsəyə bir şey olmadı. Dərhal həyətə düşdük, lakin hava soyuq və qarlı olduğundan səhərə yaxın iki azyaşlı uşağımla birlikdə evə çıxdıq. Yenidən zəlzələ olma ehtimalı olduğundan rəsmilər bizə çantalarımızı hazır saxlamağımızı tapşırdılar".
Çantalarını hazırladığı zaman yenidən zəlzələ olduğunu bildirən Ü.Hacıyeva əlavə edib ki, bu dəfə təkanlar uzun çəkib və təxminən 1-2 dəqiqə davam edib: "Evin zəlzələ nəticəsində necə silkələndiyini təsəvvür edə bilməzsiniz. Hətta ayaq üstə durmaq mümkün deyildi. Sağ çıxacağımızı düşünmürdüm. Xilas olsaq da, buna sevinə bilmirik. Çünki çox sayda xilas edilə bilməyənlər var. Bizim binadan ölənlər olmadı, amma bazar yerlə yeksan oldu".
O, zəlzələ zamanı ayağından yaralandığı üçün xəstəxanaya getdiklərini deyib: "Diz qapaqlarım zədələnib. Xəstəxanadan çıxdıqdan sonra bizi sığınacağa apardılar. Orada qida olmadığı üçün tanışlarımızla birgə sənaye zavodlarında toplandıq. Yardımlar ora gəlirdi. Azərbaycan hər zaman Türkiyənin yanında oldu. Allah xalqımızdan razı olsun. Ölkəmizin daim vətəndaşlarının yanında olduğunu hiss etdik. İki gün əvvəl oradan yola çıxdıq və sağ-salamat Vətənə çata bildik".
Ü.Hacıyeva həmin anları xatırlamağın çox ağır olduğunu deyib: "Həmin anlar o qədər dəhşətli idi ki, hadisəni xatırlamaq belə istəmirəm. Lakin bilirəm ki, bu dəhşəti unutmaq mümkün deyil. Saatlardır yol gəlirik, amma bir an belə gözümüzü yumub yata bilmədik. Gözümü yuman kimi oradan necə çıxmağımız yadıma düşür".