"Onsuz da hamımız matəmdəyik" - Aydın Mirzəzadə

 18:20 10.02.2023     542

Xəbər verdiyimiz kimi, Şimali Kipr Türk Respublikasında Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə bağlı 7 günlük milli matəm elan olunub.

Eyni zamanda, Banqladeş də Türkiyə və Suriyada baş verən güclü zəlzələ nəticəsində həlak olanlara görə ölkədə 7 gün matəm elan edib.

Bəs, Azərbaycanda necə, qardaş ölkədəki faciəyə görə matəm elan oluna bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, rəsmi şəkildə elan edilməsə də, onsuz da hamımız matəmdəyik.

"Şənliklər ləğv edilib, insanlar öz müraciətlərində kədərlərini bildirirlər. Saytlar, qəzetlər, telekanallar ancaq bu məsələ barəsində yazırlar, göstərirlər. Sosial şəbəkə ancaq bununla bağlıdır. Rəsmi elan edilməsə də, Azərbaycan xalqı bu gün Türkiyənin çəkdiyi kədəri onlarla birlikdə bölüşür",- deyə deputat qeyd etdi.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dəhşətli zəlzələdən sonra Türkiyədə 7 günlük matəm elan edilib. Son məlumatlara görə, zəlzələ nəticəsində 19 minə yaxın insan həlak olub.

Həmidə İbrahimova