Maaşlarını zəlzələdən zərərçəkənlərə verdilər - Əlavə 10 milyon TL yardım
“Türkiyədə baş vermiş zəlzələ hamımızı çox sarsıtdı. Zəlzələdə zərər çəkmiş insanlara yardım göstərmək məqsədi ilə “Palmali Holding” şirkəti olaraq xeyirxah iş ortaqlarımız, dostlarımız, dənizdə və ofisdə olan bütün əməkdaşlarımızla birgə bu böyük fəlakətin qurbanlarına dəstək olmaq üçün əlimizdən gələni etməyə çalışırıq”.
Redaktor.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.
Məlumata görə, “Palmali Holding” təbii fəlakət zonasına 10.000.000 TL dəyərində növbəti yardımı bu gün yola salıb.
Yardım qutularına ən zəruri əşyalar daxildir: böyüklər və uşaqlar üçün isti geyimlər, çadırlar, yorğanlar, yastıqlar, yuxu tulumları, isidicilər, birdəfəlik qablar, quru qida, uşaq bezləri və yeməkləri, təmizlik və gigiyenik məhsullar.
Bundan əlavə, zəlzələdən ziyan çəkmiş 3 şəhərdə şirkətin göndərdiyi aşpazlar mobil mətbəxlərdə yemək bişirərək insanlara yemək paylayacaq.
Eyni zamanda, qeyd edilir ki, “Palmali Holding”in işciləri bir aylıq maaşlarını zəlzələdən zərər çəkənlərə yardım işlərinə bağışlayıb.
Həmçinin tələbələrimizin təxliyəsini təşkil etmək və vətəndaşlarımızın problemlərini həll etmək məqsədi ilə şirkətin əməkdaşları səfərbər olunub: “Dəstəyimizi davam etdirəcəyik. Bu acı hamımızındır. Yaramızı bərabər sağaldacayıq”.