Azərbaycanda dananın öd daşı 100 manatdır?
Azərbaycanda sosial şəbəkələrdə dana və inəklərin öd daşının alqı-satqısı ilə bağlı elanlar yayılır.
Bir çox insanlar müəyyən xəstəliklər üçün qəssablara üz tutaraq, heyvanı kəsəndən sonra ödündən çıxan daşı almaq istədiklərini bildirirlər. Buynuzlu heyvanın öd daşı qramı 20-25 manata alınıb-satılır.
Redaktor.az bakupost.az-a istinadla xəbər verir ki, bir çox qəssablar həqiqətən mal-qaranın öd daşının axtarıldığını, ona ciddi tələbat olduğunu etiraf edib. İnsanlar bu daşlardan dərman düzəldəcəklərini, xəstələr üçün istədiklərini bildirirlər.
Daş adətən yaşlı inəkdə, dişi heyvanda olur, onu da nadir halda kəsirlər. Bu öd daşından müəyyən məcunlar hazırlanıb, öd, qaraciyər, sarılıq, şəkər xəstələrində istifadə olunur.
Araşdırmamıza görə, mal-qaranın öd daşına tələbat dünyada çoxdan mövcuddur və alternativ tibblə məşğul olan məşhur insanlar, loğmanlar və mərkəzlər bu daşları qızıl qiymətinə alır.
Öd daşı ilə müalicənin kökü Çindən gəlib. Məsələn, dünya bazarında 57 qramlıq heyvan öd daşının qiyməti 2000 -2500 dollardır. Xüsusən açıq sarı, qızılı rəngli və hamar daşlar, eləcə də sivri, piramida formalı daşlar daha bahadır, nəinki yumru və qara daşlar.
Bu daşı qiymətli edən sirr nədir?
Daşın sirri tərkibindəki yüksək konsentratlı bilirubindədir. Narıncı qızılı maddə onurğadan qırmızı qan hüceyrələrinin təbii parçalanması, ölümü zamanı sintez olur, qaraciyərdən keçir və öd kisəsinə düşür. Yaxşı süzməyən öddə bu maddə çöküntü və daşlara hopur.
Ənənəvi Çin təbabətində bu öd daşlarını qurudub, üyüdüb, tablet və toz formasına salıb, başqa əlavələr də edərək xüsusi tablet, məcun hazırlayırlar.
Öddə olan bilirubinin çox güclü antioksidant təsiri olduğu bildirilir və bu daşlardan ürək, qaraciyər, hepatit, xərçəng və qızdırmanın müalicəsində super vasitə kimi istifadə olunur.
Dünyada pandemiya dönəmində koviddən ağırlaşan xəstələr çoxaldığı üçün hazırda heyvan öd daşlarına tələbat daha da artıb. Ona görə də Azərbaycanda da bir qrup adam aktiv şəkildə kəsim yerləri və qəssablardan bu qiymətli daşları əldə etmək istəyir və hətta 100 manata alacaqlarını deyirlər.