Türkiyədə həlak olan 4 nəfərin nəşi Azərbaycana GƏTİRİLDİ
Türkiyədə zəlzələ zamanı həyatını itirən azərbaycanlıların nəşi Bakıya gətirilib.
Redaktor.az xəbər verir ki, bu barədə modern.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
"Bu günə qədər 5 nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı, 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının və 1974-cü il təvəllüdlü Həsənzadə İlahə Hüseynağa qızının vəfatı barədə məlumat əldə olunub. Onlardan dördünün nəşi dünən axşam Azərbaycana gətirilib", - deyə XİN rəsmisi vurğulayıb.
Qeyd edilib ki, Karlı Leyla Vahid qızının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.