Nazirlikdə “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirildi - FOTO
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Redaktor.az xəbər verir ki, tədbirdə nazirliyin Aparat rəhbərinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) ərazi ilk partiya təşkilatının sədri Asif İsmayılov, nazirin müşaviri Rəşad Bayramov və YAP-ın Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış ediblər.
Muxtar Nağıyev Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edərək, Ulu öndərin Azərbaycanın müstəqilliyi ilə bağlı gördüyü işlər haqqında danışıb. YAP-ın bütün sahələrdə mühüm rolunu qeyd edən M.Nağıyev cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi tarixi nailiyyət və 44 günlük qələbəni də diqqətə çatdırıb.
Sonra nazirliyin Aparat rəhbərinin müavini, nazirliyin YAP ərazi ilk partiya təşkilatının sədri Asif İsmayılov çıxış edərək YAP-ın uğurlu siyasi fəaliyyətindən danışıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Heydər Əliyev İli” ilə bağlı bir sıra tədbirlərin keçiriləcəyini vurğulayıb.
Nazirin müşaviri Rəşad Bayramov RİNN-in əməkdaşı olan YAP üzvlərini “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək tədbirlərdə yaxından iştiraka çağırıb. R.Bayramov eyni zamanda çıxışında nazirliyin dəyərləri haqqında ətraflı məlumat verib.
Tədbirdə nazirliyin YAP-a yeni üzv qəbul olunmuş 12 əməkdaşına üzvlük vəsiqəsi təqdim edilib.
Hərbiləşmiş Mühafizə İdarəsinin əməkdaşı Məhərrəmli Məhərrəm və Dövlət Radiotezliklər İdarəsinin əməkdaşı Rza Abbasov Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının ictimai-siyasi həyatında və “Heydər Əliyev ili” çərçivəsində fəal iştirakına görə Fəxri Fərmanla təltif olunublar.