Tələbələrin cənazələrinin ölkəyə gətiriləcəyi tarix bilindi
"Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrin (Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə) cənazələri fevralın 16-da ölkəyə gətiriləcək".
Redaktor.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, cənazələrin Azərbaycana gətirilməsi üçün artıq hazırlıqlara başlanılıb:
"Cənazələrin fevralın 15-dən 16-na keçən gecə ölkəyə gətirilməsi nəzərdə tutulub".
Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra dünən tapılıb.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.
Zəlzələlər həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib (report).