Goranboy məktəblilərindən Türkiyəyə dəstək - FOTO

 13:39 16.02.2023     920

Qardaş Türkiyədə təbii fəlakətdən zərərçəkənlərə Azərbaycandan qardaş yardımları davam etməkdədir.

Redaktor.az "kaspi"yə istinadla xəbər verir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu humanist təşəbbüsünə ölkəmizin bütün regionlarında, o cümlədən Goranboy rayonunda yaşayan vətəndaşlarımız da qoşulublar. Humanitar yardım aksiyası çərçivəsində Goranboy rayon Mübariz Səfərov adına Qaradağlı kənd tam ora məktəbinin müəllim-şagird kollektivi, valideynlər, ümumilikdə Qaradağlı kənd sakinləri Türkiyədə zəlzələ bölgəsində yaşayan qardaş-bacılarımıza dəstək olublar. Hər bir kənd sakini gücü çatan səviyyədə, könüllü qaydada ən müxtəlif əşyaları, isti geyim ləvazimatlarını, yataq dəstlərini şəxsi nəqliyyat vasitələri ilə məktəbə təhvil verib, Türkiyəyə yollanan yardım karvanlarına çatdırılmasını xahiş edib.

 

 

Goranboy Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ürfan İbrahimov bildirib ki, yardım kampaniyasında əksəriyyət kənd sakinləri yaxından iştirak ediblər. Onun sözlərinə görə, toplanan yardımlar çeşidlənərək aidiyyəti üzrə təhvil verilib: “Türkiyədə baş verən dağıdıcı zəlzələ, 30 mindən çox insanın həyatını itirməsi, evsiz-eşiksiz qalması bütün Azərbaycanda olduğu kimi kəndimizin sakinlərini də qayğılandırdı. Ona görə də Azərbaycan Prezidentinin aidiyyəti qurumlara verdiyi tapşırıqlara, Birinci vitse-prezidentin humanist təşəbbüsünə Qaradağlı sakinləri dəstək vermək istəklərini bildirdilər. Biz də onların bu istəklərini təmin etmək məqsədilə təşkilatçılıq işlərinə başladıq, kənd sakinlərinin gətirdiyi yardımları bir yerə yığaraq qablaşdırdıq, rayon mərkəzindəki yardım toplanış məntəqəsinə təhvil verdik. Orada bütün kəndlərdən gətirilən yardımlar toplanaraq TIR-lara yüklənib və Goranboy rayon sakinləri adından Türkiyəyə yola salınıb”.

 

 

Mübariz Səfərov adına Qaradağlı kənd tam ora məktəbinin direktoru Rəşad Məmmədov da qeyd edib ki, təhsil ocağının şagird-müəllim kollektivindən, valideynlərdən içində ən müxtəlif əşyaların olduğu 80 qutudan ibarət yardım toplanıb: “Kimin nəyə gücü çatırdısa onu da gətirirdi. Heç kimin qarşısında xüsusi tapşırıq, konkret nə isə gətirmək tələbi qoyulmamışdı. Kənd sakinləri könüllü şəkildə, sidq ürəklə öz evlərindən yorğan-döşək, isti ədyal, qadın, kişi, uşaq üst geyimləri, gödəkçələr, papaqlar, əlcəklər, yun corablar və sairi məktəbimizə gətirdilər. Biz onları məktəbin idman zalında topladıq. Ardınca çeşidləyərək ayrı-ayrı karton qutulara yerləşdirdik. Ümumilikdə 80 qutu yardım oldu. Qutuların içinə balaca məktəblilərin Türkiyədəki qardaş-bacılarımıza ürək sözlərini, mənəvi dəstəyini ifadə edən məktublar da qoyduq. Elə şagirdlərimiz var idi ki, çəkdiyi şəkillə, yazdığı şeir və inşa ilə öz dəstəyini nümayiş etdirirdi. Onların da əl işlərini o yardım qutularının içinə qoyduq. Toplanan yardımları kənd icra nümayəndəsinin və müəllimlərin köməyi ilə Goranboy rayonundakı 1 nömrəli tam orta məktəbin idman zalında təşkil olunmuş qərargaha fevralın 9-da təhvil verdik. Bundan başqa, müəllim və şagird valideynlərinin maddi dəstəyini ümumiləşdirərək, birinci dəfə 950, ikinci dəfə 630 manat olmaqla, bütövlükdə 1580 manatı “Kapital Bank” vasitəsilə Türkiyə üçün yardım fonduna köçürmüşük. Əgər bundan sonra da əlavə vəsait toplansa həmin pulu da bu qaydada müvafiq hesaba köçürəcəyik”.