"AZAL-ın qiymətləri bahadır, tələbələr üçün çox ciddi çətinlik yaradır" - Deputatdan TƏKLİF

 18:04 16.02.2023     1054

Xəbər verdiyimiz kimi, Türkiyənin Malatya İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalaraq vəfat ediblər.

Son günlər isə sosial şəbəkələrdə insanlar tələbələrin tətil vaxtı Azərbaycana gələ bilməmələrinin səbəbi kimi quru sərhədlərin bağlı olması və xüsusilə də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) dodaq uçuqladan bilet qiymətlərində görürlər.

Eyni zamanda Türkiyədə təhsil alan azərbaycanlı tələbə İbrahim İbrahimov zəlzələ nəticəsində dünyasını dəyişən 4 azərbaycanlı tələbə ilə bağlı yazısında qeyd edib ki, quru sərhədlərin bağlı olması və AZAL-ın dodaq uçuqladan qiymətləri o uşaqlara tətildə öz doğma ölkələrinə gəlməyə əngəl olub.

Malatyada zəlzələ qurbanı olan Şahin Vəliyevin anası Esmira Hüseynova da mətbuata açıqlamasında oğlunun imkansızıqdan Azərbaycana gələ bilmədiyini deyib. Oğlu ilə axırıncı dəfə oğlu ilə 5 fevral tarixində danışdığını deyən ana bildiri: “Evdə idi, oğlum avara uşaq olmayıb. Dərsindən evə, evdən dərsinə və idmana gedirdi. 4 ildir Türkiyədə təhsil alır. Birinci yarımilin semestr imtahanlarından sonra tətilə çıxmışdılar. Gəlməyinə imkanımız olmadı. Özü də istəmədi. Dedi: “O qədər pulu töküb 10-15 günlük gəlməkdənsə, birdəfəlik yay tətilində gələrəm və 3 ay vətəndə qalaram”.

Bəs, niyə AZAL qiymətlərdə tələbələrə güzəşt etmir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd etdi ki, AZAL-ın qiymətlərinin baha olması tələbələrə çətinlik yaradır.

"Öncədən bütün dünyasını dəyişənlərə rəhmət diləyirəm. Bizim üçün, hər birimiz üçün çox acı bir xəbər oldu. Bu məsələnin bilavasitə bir-biri ilə əlaqələndirilməsini araşdırmaq lazımdır ki, nə dərəcədə bunlar onunla bağlı gələ bilməyiblər. Ondan sonra biz dəqiq deyə bilə bilərik ki, bu məsələ belədir. Amma ümumi məsələni götürdükdə isə mən dəfələrlə bu məsələyə müsahibələrimdə toxunmuşam. Bir daha onu qeyd etmək istəyirəm ki, tələbələr üçün həm daxili, həm xarici nəqliyyatda müəyyən güzəştlərin tətbiqinə ehtiyac var. Dünya təcrübəsində bu var. Məsələn, bizə yaxın olan Türkiyənin özündə tələbələr üçün müəyyən güzəştlər var, xüsusilə də daxili nəqliyyatla bağlı. Bizdə bu gün AZAL-ın qiymətləri bahadır və bu, bizim tələbələr üçün həqiqətəndə ciddi çətinlik yaradır, çox ciddi bir problem yaradır. Ona görə də mən əvvəl bunu həm bir dəfə Milli Məclisin plenar iclasında, həm də müəyyən görüşlərdə məsələni qaldırmışdım və təklif eləmişdim ki, bu məsələ nəzərə alınsın və müəyyən güzəştlər nəzərdə tutulsun. Çünki xaricdə təhsil alan tələbə həm kirayə pulu verir, həm təhsil haqqı ödəyir, həm də yol pulu ödəyir. Bu da onun üçün müəyyən çətinliklər yaradır. Bu gün bizim dövlətimiz tələbələrimizə, təhsilimizə çox böyük qayğı göstərir. Yəni bu gün ölkə rəhbərliyi səviyyəsində, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva səviyyəsində bu diqqət var. Təqaüdlər artırılır, dövlət hesabına ödəniş, xaricə tələbələrin göndərilməsi, yəni dövlətin bu diqqəti və qayğısı var",- deyən millət vəkili hesab edir ki,  burada aidiyyəti qurumlar məsələ qaldıraraq bu güzəştlərin tətbiqi barədə müəyyən təkliflər verməlidir:

"İndi quru sərhədlərin açılması bir az fərqli məsələdir. Burada təhlükəsizliklə bağlı və digər məsələlər var. Bu gün bölgədə proseslər gedir, qorxu təhlükəsi və digər müəyyən məsələlər var. Ona görə quru sərhədlərin açılmaması məsələsini o baxımdan hələ biz onu etmirik. Amma tələbələrin gedişi üçün biz müəyyən güzəştlər barədə mütləq düşünməliyik və nəzərə alsaq ki, ümumiyyətlə, bizdə biletlər çox bahadır və bu, yalnız tələbələr üçün yox, vətəndaşlar üçün də bahadır. Dəfələrlə bununla bağlı Azərbaycan cəmiyyətində müzakirələr aparılıb. Ona görə bu barədə mütləq ciddi düşünməliyik və müəyyən güzəştlər barədə addımlarımızı atmalıyıq. İndi bu təhsildir. Onsuz da təhsilə maliyyə ayırırıq, diqqət yetiririk. Ona görə də tələbələrə müəyyən güzəştlər olması yaxşı olardı. İndi siz bir anlıq fikirləşin ki, misal üçün bizdə metro, avtobusda da müəyyən qiymət artımı çox olmasa da oldu. Ailə var ki, ailənin beş üzvü və ya altı-yeddi üzvü nəqliyyatdan istifadə edir. İndi bu böyüklər aydındır. Amma tələbələr üçün isə mən düşünürəm ki, cüzi də olsa, hansısa bir güzəşt eləsək, onlar üçün yaxşı olardı. Onlar dövlətin qayğısını daha da yaxından hiss edərdilər və xüsusilə də əlbəttə ki, xarici uçuşlar üçün müəyyən tələbələrə güzəştlər çox yaxşı olardı ki, onlar normal gedib gələ bilsinlər. Misal üçün, mən sizə bir məsələni də deyim. Bu gün Türkiyədə artıq distant təhsilə keçirildi. Bizim tələbələr ara tətildə idilər. Yəni birinci semestrin imtahanını verib Azərbaycana, ölkəmizə qayıtmışdılar. İndi onlar arxayın idilər ki, geri qayıdacaqlar. Amma indi distant təhsilə keçdiyinə görə onların orada əşyaları, ləvazimatları, dərslikləri qalıb. Və bu gün onlar qiymət baha olduğuna görə ora qayıdıb əşyalarını götürə bilmirlər. Belə problemlər var. O baxımdan bir kompleks şəkildə yanaşıb aidiyyatı qurumlar dövlət qarşısında məsələ qaldıraraq müəyyən təkliflər verilə bilər. Elm və Təhsil Nazirliyi də bu məsələ ilə bağlı konkret təkliflərlə çıxış edə bilər ki, biz bu məsələni həll edək. Yəni bizim belə bir problemimiz var və bu problemin öhdəsindən gələ bilək".

Həmidə İbrahimova