"Quru sərhədləri xəstələr və tələbələr üçün açıq elan etmək lazımdır" - Deputatdan ÇAĞIRIŞ
Xəbər verdiyimiz kimi, Türkiyənin Malatya İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalaraq həlak olublar.
Son günlər isə sosial şəbəkələrdə insanlar tələbələrin tətil vaxtı Azərbaycana gələ bilməmələrinin səbəbi kimi quru sərhədlərin bağlı olması və xüsusilə də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) dodaq uçuqladan bilet qiymətlərində görürlər.
Eyni zamanda Türkiyədə təhsil alan azərbaycanlı tələbə İbrahim İbrahimov zəlzələ nəticəsində dünyasını dəyişən 4 azərbaycanlı tələbə ilə bağlı yazısında qeyd edib ki, quru sərhədlərin bağlı olması və AZAL-ın dodaq uçuqladan qiymətləri o uşaqlara tətildə öz doğma ölkələrinə gəlməyə əngəl olub.
Malatyada zəlzələ qurbanı olan Şahin Vəliyevin anası Esmira Hüseynova da mətbuata açıqlamasında oğlunun imkansızıqdan Azərbaycana gələ bilmədiyini deyib. Oğlu ilə axırıncı dəfə oğlu ilə 5 fevral tarixində danışdığını deyən ana bildiri: “Evdə idi, oğlum avara uşaq olmayıb. Dərsindən evə, evdən dərsinə və idmana gedirdi. 4 ildir Türkiyədə təhsil alır. Birinci yarımilin semestr imtahanlarından sonra tətilə çıxmışdılar. Gəlməyinə imkanımız olmadı. Özü də istəmədi. Dedi: “O qədər pulu töküb 10-15 günlük gəlməkdənsə, birdəfəlik yay tətilində gələrəm və 3 ay vətəndə qalaram”.
Ümumiyyətlə qeyd edək ki, çox sayda tələbə təyyarə biletlərinin baha olması səbəbindən Azərbaycana, ailələrinin yanına gələ bilmirlər. Quru sərhədlərimiz isə koronavirus pandemiyası başlayandan sonra bağlanıb və hələ də açılmır.
Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, bu məsələdə vətəndaşlar tamamilə haqlıdırlar.
Onun sözlərinə görə, dəfələrlə özü və deputat həmkarları tərəfindən də qaldırılıb ki, tələbələrin biletlə bağlı məsələsi öz həllini tapmalıdır:
"Bu tələbə nə qazanır ki, o, həm də müəyyən dərəcədə gəlib-getməyə görə, sıxıntı içində olduğuna görə öz proqramını dəyişsin. Türkiyədə təhsil alan tələbələrin Azərbaycana gəlib-getməsi üçün quru sərhədlərin istifadə olunmasını təmin etmək lazımdır. Yəni başa düşdük, təyyarədə qiyməti endirmək olmaz ki, AZAL kasıblamasın. Çünki AZAL-ın maddi vəziyyəti yüksək olmalıdır. Amma qalan insanlar nə etsinlər? Ona görə də bu məsələdə ciddi addımlar atılmalı idi. Bəli, bu məsələdə birmənalı şəkildə söyləmək olar ki, tələbələrin varlığına bütövlükdə diqqət yetirilməlidir və bu da müəyyən hansısa bir ekstremal vəziyyətdə, mənfi nəticələr ortaya çıxanda artıq hamını narahat etməyə başlayır ki, niyə bu addım atılmır? Bu baxımdan da mən hesab edirəm ki, bu qiymətlər məsələsinə baxılmalıydı. İndinin özündə də quru sərhədləri tələbələr üçün açıq elan etmək lazımdır. Sənədini göstərirsə, qoy quru sərhədlərdən ucuz qiymətə gəlib gedə bilsin. Bu problem həllini tapmalıdır. Biz əgər təhsilin inkişafını düşünürüksə, bunların vəziyyəti barədə də birinci növbədə düşünməliyik. Mən sosial şəbəkədə aparılan müzakirələri əslində yerində olan müzakirə kimi qiymətləndirirəm. Bunu da xatırladım, biz də bir neçə dəfə bu mövzuda məsələni gündəmə gətirmişik ki, quru sərhəd xəstələr üçün, bir də tələbələr üçün xüsusilə açıq olmalıdır və onlara istisna hal tanınmalıdır ki, gəlib-getmə fürsətini əldən buraxmasınlar, məcburi şəkildə olduğu ölkələrdə qalmasınlar. Çünki qaldıqca həm də valideynlərin maddi imkanından istifadə edərək daha çox xərcləyirlər və bu da təhsilə ödənilən vəsaitin müəyyən dərəcədə sıxıntı olmasına gətirib çıxarır".
Həmidə İbrahimova