"Abonentlər qazın kəsilməsindən şikayətlənir" - Azəriqaz

 13:07 17.02.2023     880

“Azəriqaz” İstehsalat Birliyinə bu ay qazın olmaması ilə bağlı müraciət edənlərin 10 %-nin sayğacında balansın bitdiyi məlum olub.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İdarəetmə Aparatının 104 xidmətinin rəhbəri Xalidə Şimşək bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, həmin şəxslər sayğacın balansını yoxlamadan birbaşa olaraq Çağrı Mərkəzini yığıblar:

“Çağrı Mərkəzinə eyni məsələ üzrə təkrar müraciət xeyli sayda abonent olur. Belə ki, fevralda kartın sayğaca yüklənməsi ilə bağlı 1 225 müraciət olub. Araşdırmalar nəticəsində məlum olub ki, onların 15 %-i təkrar müraciət edənlərdir. Bundan başqa abonent kodunu öyərnmək istəyən 1 877 müraciət daxil olub. Onların təxminən ¼ təkrar müraciət edənlərdir. Bunları xüsusi vurğulamaqda məqsəd ondan ibarətdir ki, həmin məsələləri qurumun rəsmi intenet səhifəsindəki müvafiq bölmələr vasitəsilə də həll etmək olar. Xüsusilə təkrar müraciətlər kifayət qədər vaxt alır və xəttin yükləmməsinə səbəb olur. Halbu ki, həmin vaxt daha ciddi problemlə müraciət edən başqa abonent xəttə gözləməli olur”.

Qazlaşma ilə bağlı Çağrı Mərkəzinə daxil olan şikayətlərə toxunan “Azəriqaz” rəsmisi abonetləri ancaq rəsmi internet səhifəsində adları olan podratçılarla iş görməyə çağırıb:

“Bu ay podratçı şirkətlərlə bağlı daxil olan 9 müraciətin araşdırılması nəticəsində məlum oldu ki, onların heç biri “Azəriqaz”ın podratçıları deyil. Qaz işçisi kimi tanıdığınız hər hansı şəxsə 200-300 manat verməklə, yeni tikili və ya yeni mənzilə qazın çəkilməsi və sayğacın qoyulmasını təmin edə bilməyəcəksiniz. Qazlaşma məsələsi müəyyən prossedurdur, müəyyən mərhələdən keçir. Ona görə qurumun rəsmi internet səhifəsində göstərilən podratçılardan kənar kimlərəsə qazlaşdırma ilə bağlı müraciət etmək lazım deyil”.

Qeyd edək ki, bu ilin fevral ayında 104 Çağrı Xidmətinə 66 515 müraciət daxil olub. Bunun 46 075-i Bakı şəhərindən, 10 127-i Abşerondan, 1 218-i Sumqayıtdan və 9 095-i regionlardan daxil olub. Eyni zamanda Bakı şəhəri üzrə sızma ilə əlaqədar 2 240 müraciət, qaz təzyiqi ilə bağlı 3 053 müraciət, sayğaclarla bağlı 19 230 müraciət daxil olub.

Həmidə İbrahimova