Moskvadakı diasporumuz Türkiyəyə yardım göndərdi
Rusiyanın Moskva vilayətində yaşayan Azərbaycan icması Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım göndərib.
Redaktor.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd olunub ki, Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyət ictimai təşkilatının sədri Elşən İbrahimov bildirib ki, İstra, Ruza, Balaşixa, Korolyov, Serpuxov, Volokolamsk, Sergiyev Posad, Pavlovski Posad, Naro-Fominsk, Şelkovo şəhər dairələrinin azərbaycanlıları humanitar yardım kampaniyasında fəal iştirak ediblər. Soydaşlarımızın köməyi ilə zəlzələdən zərərçəkmişlər üçün 2 milyon 781 min rubl (63 min manat) dəyərində maddi və humanitar yardım toplanıb.
Sonra Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyət ictimai təşkilatının bir qrup fəalı Türkiyənin Moskvadakı səfirliyini ziyarət edib və humanitar yardımı diplomatik missiyaya təhvil verib.
Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsarla görüşü zamanı Elşən İbrahimov soydaşlarımız adından dərin hüznlə başsağlığı ifadə edib və humanitar yardım kampaniyası barədə məlumat verib. Türkiyə səfiri yardım göstərən hər bir həmvətənimizə minnətdarlığını bildirib.
Qeyd edək ki, Türkiyənin ATV kanalının yayımladığı süjetdə Moskvada yaşayan azərbaycanlıların da qardaş ölkənin kədərinə ən dərin şəkildə ortaq olduğuna diqqət cəlb edilib. Süjetdə Elşən İbrahimovun Moskva regionunda yaşayan azərbaycanlıların qardaş Türkiyənin yanında olduğu ilə bağlı fikirlərinə yer verilib.