Dövlətə dəymiş ziyana görə 9 əmlaka HƏBS QOYULDU
Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə edilməsi sahəsində baş vermiş hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi məqsədilə 2022-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Maliyyə Nazirliyi tərəfindən kompleks işlər görülüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumatda bildirilir ki, bu dövr ərzində prokurorluq orqanlarının qərarı və Maliyyə Nazirliyinin təşəbbüsü ilə aparılan araşdırmalar üzrə 64 maliyyə yoxlaması keçirilib.
Həmin yoxlamalara prokurorluq əməkdaşları, Maliyyə, Müdafiə, Elm və Təhsil Nazirlikləri, Auditorlar Palatası, eləcə də Mərkəzi Bankın mütəxəssisləri cəlb edilib.
Törədilən qanuna zidd əməllər nəticəsində dövlətə vurulmuş 2 milyon 147 min 485 manat maddi ziyanın hazırkı vaxtadək 589 min 537 manat hissəsinin ödənilməsi təmin edilib, həmçinin, 9 əmlak üzərinə həbs qoyulub.
Yoxlamalar zamanı aşkar edilmiş hüquqpozmalara dair prokurorluq orqanları tərəfindən 10 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib, 32 halda vurulmuş zərərin ödənilməsi təmin edilib, 22 fakt üzrə isə hazırda araşdırmalar davam etdirilir.
Hazırda dövlət büdcəsinə vurulmuş ziyanın ödənilməsi üçün məqsədyönlü və ardıcıl tədbirlər görülür.