"Açıq mikrofon" aksiyası Ucar rayonunda növbəti dəfə keçirildi

 15:54 21.02.2023     682

 "SOCAR "Azəriqaz" İB-nin bölgələrdə təşkil etdiyi "Səyyər qəbul otağı"nın bu gün müsbət tərəfləri hiss edilir. Bu cür deməyə əsas verən səbəb müraciətlərin sayında azalmanın müşahidə edilməsidir".

Redaktor.az xəbər verir ki, bunu Ağsu RQİİ-nin baş mühəndisi Zaur Məmmədov Ucar rayonunda keçirilən "Açıq mikrofon" aksiyasında bildirib. Ünvanlanan müraciətlərin Birlik tərəfindən həll edildiyini vurğulayan baş mühəndis bu gün də Ucar sakinlərinin qaz təchizatında üzləşdiyi problemləri dinləməyə hazır olduqlarını qeyd edib.

Mikrofon önünə keçən Aybəniz Qəhrəmanova əməkdaşı olduğu Heydər Əliyev Mərkəzinin sayğacla təmin olunmasını istəyib. Rafiq və Vaqif Əhmədovların müraciəti isə müvafiq olaraq küçə qaz xəttinin çəkilişi, həmçinin fərdi yaşayış evinin qazlaşdırılmasından ibarət olub.

Vətəndaşlara məlumat verilib ki, “SOCAR” “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir. "Açıq mikrofon" aksiyasında SOCAR "Azəriqaz" İB-nin Ağsu RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.