"Layihələrdə tullantı su sisteminin yaradılması məsələsi öz əksini tapmalıdır" - "Azərsu" rəsmisi

 17:24 21.02.2023     252

"Göllərin reabilitasiyasına dair layihələrdə tullantı su sisteminin yaradılması məsələsi öz əksini tapmalıdır".

Redaktor.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli Abşeron göllərinin ekoloji vəziyyətinə dair ictimai dinləmədə deyib.

O bildirib ki, hazırda Abşeron yarımadasının 70 faizi mərkəzləşmiş tullantı su sistemi ilə əhatə olumayıb:

"Buna görə də bütün göllər tullantı suları ilə çirklənməyə məruz qalır. Həmin göllərin qurudulması, reabilitasiyası, bərpası ilə bağlı hər hansı bir layihə hazırlanarkən mütləq kompleks baxılmalı, ərazidə tullantı su sisteminin yaradılması məsələsi layihədə öz əksini tapmalıdır. Əks halda bərpa edəcəyimiz göl yenidən çirklənməyə məruz qala bilər. Digər halda isə torpaqladığımız, yəni ləğv etdiyimiz göl həmin ərazidə subasma hallarına səbəb ola bilər. Eyni zamanda, bütün göllər səth - yağış suları və qrunt sularının idarə olunmasında bir sututar olaraq mühüm əhəmiyyətə malikdir. Bu da həmin kompleks yanaşmada nəzərə alınmalıdır".