Audiovizual Şuradan Tolikin verilişinə görə “MTV”yə XƏBƏRDARLIQ

 15:07 22.02.2023     417

22 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının yayım zamanı qanunvericiliyin pozulması faktı ilə əlaqədar iclası keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Şuradan məlumat verilib.

Bildirilib ki, iclasda “MTV” televiziya redaksiyasının (kanalının) efirində 20 fevral 2023-cü il tarixdə saat 12:00–14:45 arası yayımlanan “Ümid ilə gəl” proqramında qeydə alınmış “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.14-cü maddəsinin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulması faktı müzakirə olunub.

Belə ki, qeyd olunan proqramın yayımı zamanı (saat 13:25-də) aparıcı Tarix Əliyev tərəfindən barəsində şikayət edilən Nizaməddin adlı şəxs və onun həyat yoldaşı haqqında “Nizaməddin müəllim... müəllim, dırnaq arasında müəllim də...Nizaməddin kişi, 102-yə məndən şikayət eləmisən. Camaat səndən bura şikayət edir, neyniyəssən. Siz ikiniz də cinayətkarsız. Siz cinayət işlədirsiz...kimdi dalında duran?” ifadələr səsləndirilmişdir. Bundan başqa (saat 13:36-da) yenə də aparıcı Tarix Əliyev tərəfindən qeyd olunan mövzu davam etdirilərkən “...kimdi e bunun daydayı... guya “uçastkovu” bilmir? Onda “uçastkovu”nun əli var orda, o sahə müvəkkilinin əli var orda, deməli...” ifadələri səsləndirilib.

Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası peyk yayımı həyata keçirən platforma yayımçısı “Muz TV Azərbaycan” MMC-yə (“MTV” televiziya redaksiyası) bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul edib.