Sabahdan yeni qaydalar qüvvəyə minir - Sürücülərin NƏZƏRİNƏ
Sabahdan nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Redaktor.az-a bildirilib ki, yeni qaydalara əsasən, nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir.
Eləcə də nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir:
Minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına;
Yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına.
Bu qaydada nəzərdə tutulan hal istisna olmaqla, nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşələrinə, habelə sürücüdən solda və sağda yerləşən ön qapıların şüşələrinə örtüklərin çəkilməsinə yol verilmir.
Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır.
Plyonka şüşələrə içəri tərəfdən çəkilməli, jalüz və pərdələr pəncərələrə müvafiq olaraq içəri tərəfdən quraşdırılmalıdır.
Bütün sürücülərin diqqətinə çatdırılır ki, nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasının pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən qaydada məsuliyyətə səbəb olur.