“Azərişıq” bu qurumlarla birgə ağacəkmə aksiyası keçirdi - FOTO - VİDEO
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərişıq” və “AzərEnerji” açıq səhmdar cəmiyyətlərinin rəhbərləri də başda olmaqla kollektivlərin 500-dək əməkdaşı ağacəkmə aksiyası keçiriblər.
Bu barədə Redaktor.az-a "Azərişıq" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 23-də Bakının Xocəsən qəsəbəsinin 10 hektar ərazisində keçirilən aksiyada Abşeron yarımadasının iqliminə uyğun müxtəlif növdə 7 minədək ağac əkilib.
Keçirilən bu cür aksiyaların əsas məqsədi ağac əkilməsini təşviq edərək təbiətin mühafizəsinə, eləcə də sağlam ekoloji mühitin yaradılmasına töhfə vermək və Ulu Öndərin ənənələrini davam etdirməkdir.