Niyə şəhid analarını murdar siyasətə alət edirsiniz? - Deputatdan etiraz
“Bu gün Azərbaycanda çox pis tendensiya formalaşıb, bəlli dairələr tərəfindən belə bir yersiz mövqe aşılanır ki, siyasi partiya mənsubu, yaxud sosial media fenomeni istənilən cinayəti törədə bilər, amma o, mühakimə edilməməlidir”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.
Deputat çıxışında bildirib: “Yaxud da düşünürlər ki, hakimiyyəti tənqid edən şəxsin törətdiyi konkret ictimai təhlükəli əmələ münasibətdə onun barəsində cinayət təqibi başlamaq olmaz. Əks halda sistemli mexanizmlər işə düşür ki, filankəs siyasi mövqeyinə görə təqib olunur. İndi belə çıxır ki, Azərbaycanda istənilən şəxs hakimiyyəti tənqid etdərək toxunulmazlıq statusu qazana bilər? Yaxud hakimiyyəti tənqid edən adam dələduzluğa, oğurluğa, qətlə görə məhkum edilibsə, o siyasi məhbusdur? Bütün insan hüquqları mexanizmlərində ilk qızıl qayda budur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hər hansı şəxs tərəfindən və hər hansı səbəbdən məhkəmə icraatına qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. Amma iclas öncəsi məhkəmələrin qarşısında aksiyalar keçirirlər. Tələbləri də odur ki, hakim maddi və prosessual qanunvericiliyi bir kənara atıb, bunların siyasi sifarişlərini yerinə yetrirməlidir.
Yeni metod tapıblar, artıq şəhid ailələrini prosesə cəlb edirlər. Bu sadəcə iyrənclikdir, bu insanların öz dərdləri özlərinə bəsdir, niyə şəhid analarını murdar siyasətə alət edirsiniz? Azərbaycan dövləti üçün hər bir vətəndaşın həyatı qiymətlidir. Amma heç bir vətəndaşa o hüquq da verilməyib ki, özünü hüquqdan, qanundan üstün tutsun. Məhkəməni aclıqla, susuzluqla, şantaj etmək, hakimin iradəsinə təzyiq etmək nə deməkdir?" (modern.az)