Azərbaycan-Kuba dostluq klinikası açıla bilər

 18:15 28.02.2023     458

Azərbaycan-Kuba dostluq klinikası açıla bilər.

Bu barədə Redaktor.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Səhiyyə Nazirliyində Kubanın ictimai səhiyyə naziri Xose Anxel Portal Mirandanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə həmçinin Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon da iştirak edib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, 2020-ci ildə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində kubalı mütəxəssislərdən ibarət həkim briqadaların ölkəmizə gəlməsi buna bariz nümunədir: “Bu addım Azərbaycan və Kuba arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir”.

Teymur Musayev öz çıxışında Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini də qeyd edib: “Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış edib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü əsasında peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən qəbul edilib”.

Sonda Teymur Musayev ölkələrimizin səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində Anhel Portal Miranda çıxışında Azərbaycan və Kuba arasında bir çox sahələrdə sıx əlaqələrin mövcudluğunu vurğulayıb: “Sizin də qeyd etdiyiniz kimi, COVID-19 pandemiyası zamanı Kubadan həkim briqadalarının Azərbaycana gəlməsi bu münasibətlərin əyani göstəricisidir. İnanıram ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək".

Sonda Kubanın ictimai səhiyyə naziri bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də dinamik əməkdaşlığın vacibliyini bildirib.

Görüşdə Azərbaycanla Kuba arasında farmasevtika sahəsində əməkdaşlığın gücləndirilməsinin yeni perspektivləri, eyni zamanda milli səhiyyə müəssisələri tərəfindən təcrübə mübadiləsi barədə faydalı müzakirələr aparılıb. Həmçinin tərəflər gələcəkdə Azərbaycan-Kuba dostluq klinikasının açılmasını müzakirə ediblər.