Məşhur azərbaycanlı alimin monoqrafiyası xaricdə ÇAP OLUNDU

 10:06 01.03.2023     396

Azərbaycanın dünya şöhrətli  alimi, Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Səlimovun “Applications of Holomorphic Functions in Geometry” adlı monoqrafiyası dünyanın ən məşhur elmi nəşriyyatı olan “Springer”-in “Frontiers in Mathematics” (Riyaziyyatın Hüdudları) adlı kitap seriyasında çap olunub.

Redaktor.az bildirir ki, bu barədə alimimiz özü məlumat verib.

Qeyd edək ki, sözügedən elmi-əsər bu seriyada Azərbaycan aliminin çap olunan ilk monoqrafiyadır.

 

Monoqrafiya hələlik nəşriyyat tərəfindən elektron variantda təqdim olunur, kitab formasında isə 2023-cü ilin iyulun 1-dən etibarən dünyanın ən önəmli elmi mərkəzlərinin və universitetlərinin kitabxanalarına göndəriləcək.

Bununla yanaşı, sözü gedən kitabın satışı “Springer” şirkəti tərəfindən də təşkil olunacaq.

Qeyd edək ki, Arif Səlimov 1956-cı ildə Ağsuda anadan olub. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra 1973–1978-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində ali təhsil alıb. 1978–1980-ci illərdə AMEA-nın Kibernetika İnstitutunda mühəndis-riyaziyyatçı kimi çalışıb, 1980–1983-cü illərdə isə Rusiyada Kazan Dövlət Universitetinin əyani aspiranturasında "Həndəsə və topologiya" ixtisası üzrə təhsil alıb. 1984-cü ilin yanvar ayında Kazanda məşhur sovet həndəsə alimi V.V.Vişnevskinin elmi rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə edib.

1983–1999-cı illərdə Bakı Dövllət Universitetinin həndəsə kafedrasında müxtəlif vəzifələrdə çalışıb.

1998-ci ildə Kazan Dövlət Universitetində "Həndəsə və topologiya" ixtisası üzrə elmlər doktoru dissertasiyasını müdafiə edən A.Səlimov və bu ixtisas üzrə Azərbaycanda yeganə elmlər doktorudur.

Arif Səlimov 25 ilə yaxın Türkiyədə çalışıb və elmi layihələrə rəhbərlik etdiyinə göre qardaş ölkənin dövlət mükafatlarına layiq görülüb.
Azərbaycan elminə verdiyi töhfələrə görə 2019-cı ildə Prazident İlham Əliyev tərəfindən "Əməkdar Elm Xadimi" fəxri adı ilə təltif edilən dünyaca məşhiur alimimiz 2017-ci ildən BDU-da "Cəbr və Həndəsə" kafedrasının müdiri vəzifəsində çalışır.

Tunar Altunbay