Vətəndaşların bank kartlarından oğurluq edən qadın saxlanıldı
Sumqayıtda vətəndaşların bank kartlarından oğurluq edən qadın saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Sumqayıt şəhərində naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 250 manatı ələ keçirib. Bu barədə kart sahibi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə həmin şəxs götürərək hadisə yerindən uzaqlaşıb.
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Aysel Əliyeva tutulub. O, ifadəsində etdiyi cinayəti etiraf edib və Sumqayıt şəhərində bankomatdan pul çıxarmaq üçün ondan kömək istəyən daha bir nəfərin kartından 120 manat oğurladığını bildirib. A.Əliyeva əsasən ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq edib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. A.Əliyevanın Sumqayıt, eləcə də digər ərazilərdə digər analoji cinayətlər etdiyi istisna olunmur. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.