"Tərtər işi” ilə bağlı zərərçəkənlərin sayı AÇIQLANDI
Bəzi sosial media səhifələrində şərti olaraq “Tərtər işi” adlandırılan cinayət işinə dair həqiqətə uyğun olmayan informasiyalar yayılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.
"Paylaşılan məlumatlarda istintaq olunmuş 3 cinayət işi üzrə zərərçəkmiş şəxslərin sayı 700 nəfər göstərilsə də, bildiririk ki, həmin hadisələrə dair 2 cinayət işi üzrə 452 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Qeyd edilən cinayət işləri üzrə 9 nəfər təqsirləndirilən şəxs barəsində ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib, istintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilmiş digər şəxslər və cinayət xarakterli xüsusatlar üzrə cinayət təqibi davam etdirilir.
Bir daha media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən dövlət qurumları ilə dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatları yaymamaq xahiş olunur" - məlumatda qeyd olunub.Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş 10 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Hazırda onlar barəsində ibtidai istintaq davam edir.
Bu ilin sentyabr ayında isə iş üzrə daha üç nəfər - Bəkir Orucov, Rahib Məmmədov və Ramil Əhmədov həbs olunub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham olunurlar.
Bəkir Orucov həbsə qədər Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edib.