"Səni unutmayacağam, əziz və gizli dostum!” – Aqşin Yenisey Hacı Şahinlə bağlı sirrini açdı
Tanınmış şair Aqşin Yenisey ötən gecə dünyasını dəyişmiş ilahiyyatçı Hacı Şahin Həsənli ilə bağlı maraqlı xatirəsini bölüşüb.
Redaktor.az bildirir ki, o, hadisənin bir neçə il öncə yaşandığını qeyd edib. Gözlənilməz problemlə üzləşdiyini deyən Aqşin Yenisey onun köməyinə Hacı Şahinin çatdığını bildirib:
“ Beş-altı ilin söhbətidir. Çox axmaq və gözlənilməz bir problemlə üzləşmişdim. Hər kəsə də deyiləsi məsələ deyildi. Həm maddi, həm mənəvi təklikdə vurnuxurdum. Yaxın dostlardan biri ilə oturub dərdləşəndə dedi, bilirsən, sənə kim kömək edə bilər? Hacı Şahin! Nə danışırsan, məni hamı din tənqidçisi, ateist kimi tanıyır. Kim inancını, imanını tənqid edən adama kömək edər? Həm də heç vaxt üz-üzə gəlmədiyi, salam verib salam almadığı adama? Yanımda ona zəng etdi. Hacı Şahin adımı telefonda eşidən kimi heç bir səbəb soruşmadan cavab verdi ki, hardasınız? On beş dəqiqədən sonra tanımadığımız bir adam öz avtomobili ilə Hacı Şahinin təmənnasız köməyini gətirib böyük ehtiramla bizə təqdim etdi və "yenə nəsə lazım olsa, xəbər edin" deyib çıxıb getdi”.
A.Yenisey ilahiyyatıçını “gizli dostu” adlandırıb:
“O vaxt Hacı Şahini ən azı, çevrəsinin qınağı ilə üz-üzə qoymamaq üçün bu əhvalatı yazmadım, heç kimə də danışmadım. Düşünürdüm ki, nə vaxtsa kitablarımda Tolstoyun "Sergi atası" kimi müsbət bir din xadimi obrazı yaratmaq istəsəm, bu adam Hacı Şahin olacaq. Mən Hacı Şahinin hansı ürək sahibi olduğunu çoxdan bilirdim. Təəssüf ki, bu cür ürəklər bu coğrafiyada nadirən döyünürlər və çox yaşamırlar. Səni unutmayacağam, əziz və gizli dostum!”.
Tunar Altunbay