Ramiz Rövşən Hacı Şahinlə bağlı DANIŞDI: “Son statusunda...“

 19:23 02.03.2023     558

Xalq Şairi Ramiz Rövşən bu gün ürəktutmadan vəfat edən din xadimi Hacı Şahin Həsənlinin ölümündən bir neçə saat əvvəl vatsap statusunda onun şeirini paylaşmasından danışıb.   

Redaktor.az Moderator.az-a istinadən xəbər verir ki, o, ilahiyyatçının vəfatından dərin kədərləndiyini dilə gətirib: "Azərbaycanın ən ağıllı və səviyyəli din xadimlərindən biri olan Hacı Şahinin ölümü məni çox kədərləndirdi. Son statusunda mənim şeirimi paylaşmağından və dünyayla mənim misralarımla vidalaşmağından çox təsirləndim. Yeri behişt olsun. Ailəsinə, doğmalarına və bütün onu sevənlərə dərin hüznlə başsağlığı verirəm.

Günlər yarpaq kimi qopmur ömürdən,
Qopur diş kimi, dırnaq kimi.
Hər keçən gündən iz qalır
Üzümdə cırmaq kimi.
Çətini yaşamaqdı,
ölmək nədi ki? Heç nə.

Son dəfə nəfəsini çəkib içinə
 bir dərin suya baş vurmaq kimi.
 Su içindən gəlir dünyaya insan,
Nə var su içində ölməkdən asan?
Xeyri yox, lap dönüb balıq olasan,
əcəl durub yol üstə qarmaq kimi.

 …Qıymadın bir kimsəni oyatmağa,
Bu səhər üz tutub sübh əzanına – 
                                         getdin.
Bizdən ayrıldın daha,
Ən əziz dostun yanına getdin.
Daha nə dərdin?
yanında dostun var Allah kimi…"

Qeyd edək ki, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin ölümündən bir neçə saat əvvəl sonuncu vatsap statusunda Ramiz Rövşənin "Mən bura özümü görməyə gəldim" şerindən bir bənd paylaşıb.