Azərbaycanda hemodializ xəstələrinin sayı açıqlandı
Dünyada 3 milyona yaxın xəstə böyrək əvəzləyici müalicə (BƏM) alır və bu sayın 2030-cu ilə qədər 5-10 milyona çatması gözlənilir.
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nefroloq Hikmət İsmayılov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda 3678 nəfər dövlət vəsaiti hesabına proqram üzrə hemodializ müalicəsi qəbul edir:
"Eyni zamanda, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 54 hemodializ mərkəzi 700 dializ aparatı ilə təchiz olunub. Böyrək əvəzləyici müalicəyə hemodializ, periton dializi, böyrək transplantasiyası və son vaxtlar sınaqdan keçirilən qarın boşluğuna implantasiya oluna bilən süni böyrək (implantable artificial kindey) aiddir.
Əgər xəstənin yaşı, əsas xəstəliyi və s. uyğundursa, böyrək köçürülməsi ən uyğun böyrək əvəzləyici müalicə növü hesab olunur. Böyrək transplantasiyasının əsas üstünlüyü ondan ibarətdir ki, əməliyyatdan sonra xəstənin orta ömür müddəti əhəmiyyətli dərəcədə yüksəlir".
Həkim deyib ki, 3 aydan artıq davam edən böyrək zədələnməsi və funksiyasının azalması böyrəklərin xroniki xəstəliyi (BXX) adlanır:
"Xəstəlik 5 mərhələyə bölünür ki, bu da xəstənin müalicə taktikasına və son mərhələdə böyrək çatışmazlığı və ürək-damar ağırlaşmalarının inkişaf riskinə görə fərqlənir.
BXX-nin mərhələləri yumaqcıq filtrasiya sürətinə (YFS) əsasən müəyyən edilir. 1-ci və 2-ci mərhələlərdə xəstəlik demək olar ki, simptomsuz keçir. 3-cü mərhələdən artıq klinik təzahürlər aydın görsənir. 4-cü mərhələdə xəstə psixoloji baxımdan böyrək əvəzləyici müalicəyə hazırlanmalıdır.
5-ci terminal mərhələdə yumaqcıq filtrasiya sürəti 15 ml/dəq az olur. Xəstəyə dializ və ya böyrək transplantasiaysı məsləhət görülür. Uyğun donorun olduğu zaman preemtiv (dializə düşmədən) böyrək nəqli tövsiyə olunur. Hemodializ - orqanizmdə əmələ gələn artıq mayenin və zərərli maddələrin xüsusi membran vasitəsilə təmizlənməsidir. Periton dializində membran rolunu periton oynayır. Hemodializ müalicəsinə göstəriş həkim-nefroloq tərəfindən verilir, xəstənin əsas diaqnozu və hemodinamik vəziyyəti nəzərə alınır. Hemodializ alan xəstələr 3D prinsipinə (dializ, dərman, diyeta) əməl etməlidirlər. İlk növbədə, təyin olunmuş hemodializ seanslarına vaxtında getməlidirlər. Bu, adətən həftədə 3 dəfə olmaqla 4 saat aparılır. Hemodializ dozası 12 saatdan az olmamalıdır.
Konservativ müalicənin əsas prinsiplərinə aiddir: əsas xəstəliyin düzgün korreksiyası, turşu-qələvi və elektrolit balansının tənzimlənməsi, antianemik dərmanlar, diuretiklərdən istifadə, az zülallı pəhriz. Hemodializ alan xəstələrə duzlu və yağlı yeməklər, ət, balıq və göbələk bulyonları, hisə verilmiş/qurudulmuş ət, balıq və kolbasa məhsulları, quru meyvələr, çərəzlərin (qoz, findıq, badam, fisdıq və s.) qəbulu qadağan edilməlidir".