Azərbaycanda məşhur sahibkarın pulları müsadirə edildi
Azərbaycanda məşhur "ABC", "Eko", "Payt" yuyucu tozları istehsal edən müəssisənin rəhbərinə hökm oxunub.
Redaktor.az xəbər verir ki, 1962-ci ildə Cəlilabad rayonunda doğulmuş, fiziki şəxs kimi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış İsmayılov Rövşən Nəriman oğlu "Era", "Eko", "Təmiz", "Alfa" yuyucu vasitələri, "Herbal", "Jolie", "Payt", "Spark" nişanlı saç şampunu, "Subrina" nişanlı duş geli, "Lux", "Aysberq", "Lux Era" nişanlı maye sabun və digər məhsulların saxta və yararsız istehsalında təqsirli bilinib.
Barəsində Cinayət Məcəlləsinin 200.2.3 və 29,200.2.3 maddələri ilə cinayət işi açılan sahibkar ümumilikdə 232.750 manat dəyərində keyfiyyətsiz mal satıb, istehlakçıları aldadmaqda ittiham edilib.
Qeyd edək ki, həmin adlar altında mallar müvafiq müqavilələr əsasında Bakı, Sumqayıt və ölkənin rayonlarda fəaliyyət göstərən iri ticarət obyektlərinə və marketlərə satılır.
Rövşən İsmayılov məhkəmədə özünü təqsirli bilməyib.
Məhkəmənin qərarı ilə iş adamı Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanmaqla qəti olaraq 1 il 6 ay müddətində dövlət, yerli özünüidarəetmə orqanlarında və kommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilib, 8000 manat cərimə olunub. Barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökmü çıxarılıb.
Həmçinin müxtəli ünvanlarda aşkar edilmiş külli miqdarda istifadə müddəti bitmiş məhsulun məhv edilməsinə qərar verilib.
Maddi sübut olan və Baş Prokurorluğun Azərbaycan Beynəlxalq Bankında olan depozit seyfində saxlanılan Rövşən İsmayılova məxsus 6582 manat, 48618 manat, 46198 dollar, 1225 avro, 95 ingilis funt-sterlinqi, 45000 İran rialı, 5 dinar, 1000 rus rublu dövlət nəfinə müsadirə edilib (qaynarinfo).