Azərbaycan İrana  NOTA VERDİ - FOTO

 20:25 09.03.2023     500

XİN Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin vəziyyətinə aydınlıq gətirilməsi məqsədilə, İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin yerli media nümayəndələrinin sorğusuna cavabında bildirib.

Diplomat qeyd edib ki, “Azərbaycan Respublikasının vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin 20 fevral tarixində İran İslam Respublikasına səfərə getdiyi, lakin 4 mart tarixindən etibarən ondan xəbər alınması mümkün olmadığı barədə məlumat yayılıb. Məsələ ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə 9 mart 2023-cü il tarixində daxil olub.

Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə, Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hal-hazırda qarşı tərəfdən cavab gözləyir.

Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri davam edir. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Azərbaycan Respublikasının vətəndaşlarına bir daha xatırlatmaq istərdik ki, 27 yanvar 2023-cü il tarixində ölkəmizin İrandakı səfirliyinə qarşı baş vermiş terror hücumundan sonra, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkəmizin vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri barədə səyahət xəbərdarlığı yayıb”.

Xatırladaq ki,1997-ci il təvəllüdlü Səfərli Fərid Qabil oğlunun İranda itkin düşməsi barədə onun anası Əskərova Dilarə özünün “Facebook” profilində paylaşım edib.

O bildirib ki, oğlu fevralın 20-də İrana gedib və martın 4-də müəmmalı şəkildə yoxa çıxıb:

“Fərid ADA Universitetinin İqtisadiyyat fakültəsinin, eyni zamanda Friedrich-Schiller-Universität Jena Universitetinin BWL ixtisası üzrə magistr dərəcəli məzunudur. Bir müddət əvvəl İran vətəndaşı olan və kimliyi bizə bəlli olmayan, Jena şəhərinə praktika üçün gəlmiş bir xanımla tanış olub, daha sonra İrana səfər edib. Fevralın 20-də İrana getmək üçün Almaniyadan çıxdığı ehtimal olunur. Bu barədə heç kimə məlumat vermədiyi üçün dəqiq məlumatımız yoxdur”.

Fərid Səfərlinin anası oğlunun İranda saxlanılmasını ehtimal etdiklərini vurğulayıb:

“5 martda Almaniyaya qayıtmalı idi. 4 martdan telefonu sönüb, xəbər yoxdur”.