Kürdə suyun səviyyəsi kəskin AZALDI

 15:06 10.03.2023     351

Kürdə gələn suyun həcmi 27 faiz, Arazda 34 faiz, Samur çayında isə 21 faiz azalıb.

Redaktor.az xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, bunlar iri çaylarımızdır, digər çaylarda da suyun səviyyəsi aşağı düşüb:

"Buna baxmayaraq, Mingəçevir su anbarında toplanmış suyun həcmi ötən illərlə müqayisədə artırılıb. 2023-cü ildə toplanmış suyun həcmi 10,3 milyard kubmetrdir".

R.Aslanov qeyd edib ki, dövlət başçısının tapşırığı əsasında 20 magistral kanalın və supaylayıcı şəbəkənin bərpası nəzərdə tutulub:

"Burada 9 min kilometr uzunluğunda şəbəkə və kanaldan söhbət gedir. Artıq işlərə başlanılıb. Oktyabrda bərpa prosesinin ilkin mərhələsinin yekunlaşması nəzərdə tutulur. Bunun nəticəsində su itkisinin 30 faiz azalması gözlənilir. Digər tərəfdən, əkin sahələrinin 60 faizdən yuxarısı suvarılan sahələrdir. Su itkilərinin çoxu burada formalaşır".