“Azəriqaz” bu il qazlaşacaq yaşayış məntəqələrinin sayını açıqladı
“Hazırda SOCAR “Azəriqaz” İB-nin abonentlərinin sayı 2 milyon 500 mini ötüb. Bu ilin 2 ayında yeni qeydiyyata alınmış abonentlərin sayı 12 min 500 olub ki, buraya da qeyri-yaşayış və əhali abonentləri daxildir”.
Redaktor.az xəbər verir ki, bunu Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib. Qurum rəsmisi “Açıq qapı”da, həmçinin cari ildə qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin sayını da açıqlayıb. Teymur Cəfərov bu rəqəmin 150-yə yaxın olduğunu qeyd edib.
Aksiyada çıxış edən Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov mənzildaxili texniki müayinələrdən söz açıb. Şöbə rəisi bu istiqamətdə təlimlərin davam etdiyini və nəticələrin müsbət olduğunu bildirib.
Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev isə ilin ilk 2 ayında daxil olan müraciətlərin sayını açıqlayıb. Qurum rəsmisi müxtəlif yöndə olan 2515 müraciətin operativ şəkildə cavablandırıldığını vurğulayıb.