“İndiyədək 2 vətəndaşımızdan xəbər yoxdur” - XİN
Türkiyədə zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarına dəstək tədbirləri çərçivəsində 10 mart tarixində Azərbaycan vətəndaşlarının və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşlarının zəlzələ bölgəsindən planlaşdırılan sonuncu təxliyəsi həyata keçirilib.
Bu barədə Redaktor.az-a Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Rəsmi məlumata görə, bununla, zəlzələ baş vermiş gündən etibarən ümumilikdə 686 nəfər təxliyə olunub:
“Türkiyə Respublikasından təxliyəsi həyata keçirilən vətəndaşlarımız və onların ailə üzvlərinə lazımi tibbi, humanitar və psixoloji yardımın göstərilməsi, zərurət yarandıqda həmin şəxslərin müvəqqəti sığınacaq mərkəzlərinə yerləşdirilməsi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
İndiyə qədər, 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb, onların axtarışları davam etdirilir”.