"Sülhməramlılar erməniləri himayə edirlər" - Deputatdan ETİRAZ
Xəbər verdiyimiz kimi, artıq neçənci dəfədir ki, Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin şəxsi heyətini daşıyan hərbi nəqliyyat vasitələrinin Rusiya sülhməramlı kontingentinin müşayiəti altında Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərəkəti qeydə alınıb.
Müdafiə Nazirliyinin son yaydığı açıqlamada bildirilir ki, təqdim olunan videogörüntülərdə Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd edilən marşrut üzrə hərəkətinin Rusiya sülhməramlı kontingentinə məxsus ZTR-82A döyüş maşını ilə müşayiət edilməsi və döyüş mövqeyinə gətirilən şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi aydın müşahidə olunur.
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin erməni separatçılarına yardım etməkdə məqsədi nədir?
Bu halda onlara sülhməramlı demək olarmı?
Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlunun sözlərinə görə, Rusiya hərbi kontingenti dəqiq bilir ki, əgər Ermənistan və Azərbaycan arasında sülh olacaqsa, artıq Azərbaycan ərazisində heç bir sülhməramlıya ehtiyac qalmayacaq:
“Onlar mümkün qədər sülhün olmamasına çalışırlar və hərəkətlərindən də bunu sübut edirlər. Ermənistan tərəfindən Azərbaycan ərazisində qeyri-qanuni yollarla silah daşıyan erməniləri müşayiət edirlər, onları himayə edirlər və beləliklə Azərbaycan ərazisini yenidən demilitarizasiya edirlər, hərbiləşdirirlər”.
Deputat məsələnin mahiyyətindən danışarkən bir daha qeyd etdi ki, Rusiya sülhməramlılarının məntiqi ondan ibarətdir ki, sülh olacaqsa, artıq sülhməramlıya ehtiyac qalmayacaq.
"Ona görə də mümkün qədər çalışırlar ki, sülh olmasın. Davranışlarından da bunu sübut edirlər. Azərbaycan buna göz yummayacaqdır. Artıq Azərbaycan dövlət qurumlarının, Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin bununla bağlı çox dəqiq və qətiyyətli mövqeləri var. Azərbaycan imkan verməyəcək ki, sülhməramlılar 366-cı atıcı rus diviziyasının elədiklərini Azərbaycanda 30 ildən sonra yenidən təkrar etsinlər. Biz buna yol verməyəcəyik. Biz icazə verməyəcəyik ki, vəziyyəti 1988-ci ilə qaytarıb yenidən Azərbaycanda etnik separatçılıq etsinlər, terrorçu yuvası düzəltsinlər. Ona görə də Azərbaycan mütləq buna qarşı qətiyyətli addımlar atacaqdır”, - deyə H.Babaoğlu bildirdi.
Arzu İSMAYIL