"Sülhməramlıların maskaları tamamilə cırıldı" - Deputatdan AÇIQLAMA
"Rusiya dövlətinə məxsus hərbi kontingentə heç kim sülhməramlı mandatı verməyib və bunlar gələn gündən sülhməramlılıq etməyiblər. Sadəcə olaraq Rusiya dövlətinə məxsus məhdud hərbi kontingent gəlib ərazimizdə yerləşiblər. Bunların gəlməsinin səbəbi və bunların missiyası haqqında 10 noyabr 2020-ci ildə üç dövlət rəhbərinin imzaladığı sənəddə göstərilir ki, nə üçün gəlirlər və hansı missiyanı yerinə yetirəcəklər. Ancaq bunlar ərazimizə gəldiyi gündən onlara aid olan missiyanın əvəzinə ancaq erməniləri himayə etmək, onların təhlükəsizliyini təmin etmək, ərazimizdə uzun illərdir kök salmış separatçılarla, cinayətkarlarla, terrorçularla əməkdaşlıq etmək, silahlandırmaqla məşğul olublar".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Mİlli Məclisin deputatı Elman Məmmədov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin erməni separatçılarına yardım etməsinə münasibət bildirərkən deyib.
Onun sözərinə görə, sülhməramlılar özlərinə aid olmayan, Azərbaycanın zərərinə olan fəaliyyətlə məşğul olublar.
"Bu gün də həmin fəaliyyətlərini davam etdirirlər. Baxmayaraq ki, bu müddət ərzində Azərbaycan rəhbərliyi dəfələrlə bu barədə Rusiya rəhbərliyinə öz etirazını, iradlarını bildirib. Hərbi kontingentin rəhbərliyinə dəfələrlə nota xarakterli xəbərdarlıqlar olunub ki, bu hərəkətlərindən çəkinsinlər, ancaq heç bir xeyri, əhəmiyyəti yoxdur. Onlar öz bildiklərini edirlər. Bax, elə bu son günlərdə də bunların maskaları tamamilə cırıldı. Bunların əsl sifətləri tam aşkara çıxdı. Bunların qeyri-qanuni qaydada, kənar yollarla, Azərbaycanın Qarabağ bölgəsinə, həmin separatçılara, cinayətkarlara, Ermənistan dövlətinə məxsus silahlı birləşmələrin ərazimizdə qalan hissələrinə silah-sursat daşımaqla məşğul olduqları, özü də nümayişkaranə qaydada tam aşkar olundu. Mən bünövrədən belə demişəm, bu gün də belə deyirəm ki, bunlar sülhməramlı deyil, erməniməramlıdır. Onlar sadəcə olaraq Rusiya dövlətinə məxsus hərbi kontingentdir, ərazimizdə yerləşib, bizim əleyhimizə fəaliyyətlə məşğuldurlar".
Xatırladaq ki, artıq neçənci dəfədir ki, Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin şəxsi heyətini daşıyan hərbi nəqliyyat vasitələrinin Rusiya sülhməramlı kontingentinin müşayiəti altında Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərəkəti qeydə alınıb.
Müdafiə Nazirliyinin son yaydığı açıqlamada bildirilir ki, təqdim olunan videogörüntülərdə Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd edilən marşrut üzrə hərəkətinin Rusiya sülhməramlı kontingentinə məxsus ZTR-82A döyüş maşını ilə müşayiət edilməsi və döyüş mövqeyinə gətirilən şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi aydın müşahidə olunur.
Həmidə İbrahimli