"Sülhməramlı qüvvələr sülhün bərqərar olmasını istəmir" - Deputat

 13:01 13.03.2023     864

Xəbər verdiyimiz kimi, ötən günlərdə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyevin sözlərinə görə, Rusiya sülhməramlı qüvvələri əgər silah və  inaların daşınmasına kömək edirsə və təxribatçı qüvvələrin, eyni zamanda qeyri-qanuni silahlı birləşmələrin hərəkətlərinə imkan verirlərsə, bunlar deməli, öz üzərinə düşən missiyanı yerinə yetirmirlər.

“Onların mandatına uyğun olaraq əsas məramı, məqsədi və işi iki münaqişə edən tərəfin arasında durmaqdır. Heç kimə güc kimi köməklik göstərməməlidirlər. Təbii ki, bunlar öz funksiyasını yerinə yetirmir. 2025-ci ildə Rusiya sülhməramlı qüvvələrinin 2020-ci  il 10 noyabr sazişinə uyğun olaraq vaxtı sona yetir və onlar Azərbaycan ərazisini tərk etməlidirlər. Əgər həqiqətən də bu vaxta qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, belə bir qüvvələrin Azərbaycan ərazisində olmasına da lüzum yoxdur və onlar avtomatik olaraq bu əraziləri tərk etməlidirlər. Deməli, buradan belə bir nəticə çıxır ki, sülhməramlı qüvvələr sülhün bərqərar olmasını istəmir, çünki nə qədər ki, sülh olmayacaq, onlar bu adla guya münaqişə edən tərəflərin arasında durmaqlarını sübuta yetirməyə çalışacaqlar və çalışacaqlar ki, sülh bərqərar olmasın”, - deyə deputat bildirdi.

 Arzu Nağıyev Qarabağa silahlar daşınarkən çəkilən görüntülər haqqında da fikir bildirdi:

“Son vaxtlar alternativ yolla silah-sursat daşınması ilə bağlı vizual görüntülər də var və düşünürəm ki, bu haqda Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi də öz sözünü deməlidir və nəticədə o vizual görüntülər onlara sübut kimi təqdim olunmalıdır. Deməli, onlar nə BMT-nin, nə də öz mandatlarına uyğun öz üzərinə düşən vəzifəni sona qədər yerinə yetirmirlər. Bu da acınacaqlı bir vəziyyətə gətirib çıxara bilər. Və  bu, sülh müqaviləsinin imzalanmasına təsir edən ən ciddi amillərdən biridir”.

Arzu İSMAYIL