"Suyun qiymətinin artırılması ilə məsələləri həll etmək tam mümkün deyil" - Komitə sədri
Məlum olduğu kimi, Kürdə suyun həcmi 27 faiz, Arazda 34 faiz, Samur çayında isə 21 faiz azalıb.
Son günlər isə Kürdə suyun səviyyəsinin azalması müzakirə obyektinə çevrilib. Belə ki, bu, gələcəkdə kütləvi su qıtlığına belə səbəb ola bilər. Ciddi bir təbiət hadisəsinin astanasındayıq desək, yanılmarıq.
Bəs, su qıtlığı hansı nəticələrə gətirib çıxaracaq? Çaylarda suyun qıtlığı kənd təsərrüfatına necə təsir edəcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi ki, indi su problemi dünyanı düşündürən başlıca məsələdir.
Onun sözlərinə görə, bütün dünya ölkələri artıq bu problemlə üz-üzədir.
"Əlbəttə ki, dünyada baş verən bu problemlər Azərbaycana da müəyyən təsirini göstərir və son illər istər çaylarda suyun azalması, istər yerin təkində suyun azlığı, iqlim dəyişiklikləri gələcək üçün yaxşı heç nə vəd eləmir. Artıq bu proqnozlar bir neçə il bundan əvvəl verilmişdi və son dövrlərdə daha da intensivləşir. Bu gün müəyyən limitlərin tətbiq olunması da, elə Bakıda suyun gecələr dayandırılması, sonra müəyyən tədbirlərin həyata keçirilməsi də məhz bu məqsədə xidmət edir. Əlbəttə ki, Kürdə suyun quruması bizi düşündürən ciddi məsələdir. Çünki bilirsiniz ki, Kür öz mənbəyini Gürcüstandan, Türkiyədən, yuxarılardan götürür. Həmin ölkələrlə mütləq, suyun Kürdə artırılmasını təmin etmək üçün danışıqlar getməlidir. Müvafiq orqanlar bu danışıqlara gediblər. Artıq müvafiq orqanlar - Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti artıq öz mütəxəssislərini göndərib. Gürcüstanda söhbətlər aparılır, müzakirələr gedir. Digər tərəfdən, bu probleminin aradan qaldırılması üçün yeni su hövzələrinin tapılması, yeni su anbarlarının yaradılması gündəmdədir. İşğaldan azad olunmuş ərazilərdə belə su anbarları artıq tikilməkdədir. Xudafərin-1, Xudafərin-2, Xudafərin-3, ondan sonra Qarabağ, Suqovuşan və digər su anbarları artıq təkmilləşdirilib. Artıq onların əraziləri genişləndirilir və yeni su anbarları yaradılmaqdadır. Əlbəttə ki, içməli su istər rayonlarda, istərsə də Bakıda bu dəqiqə ciddi problemdir",-deyə qeyd edən deputat əlavə etdi ki, bu problemin qarşısını almaqdan ötrü birinci qənaət rejimi tətbiq olunmalıdır:
"Mən açığı deyim ki, biz sudan kortəbii istifadə edirik. İstər əkin suyundan, istər içməli sudan. İlk növbədə insanlar qənaət rejiminə keçməlidirlər. Müəyyən qənaətlər olunmalıdır. Əkin suyunun, içməli suyun qiymətinin artırılması ilə məsələləri həll etmək tam mümkün deyil. İnsanlar mütləq sudan qənaətlə istifadə etməlidir. Necə ki, xarici ölkələrdə bu, tətbiq olunub, bizdə də tətbiq olunmalıdır. Suya qənaət tətbiqi mütləq olunmalıdır. Digər tərəfdən, biz qonşu ölkələrdən, haradan ki, ordan su keçir, o ölkələrlə biz müəyyən müqavilələrin bağlanmasına getməliyik və su Azərbaycan ərazilərinə ötürülməlidir. Digər tərəfdən yeni su mənbələri axtarılmalıdır. Bilirsiniz, meşələrin qırılması, müharibələrin getməsi əlbəttə ki, yerin təkində də suyu azaldıb. Eləcə də əgər meşələr kütləvi şəkildə qırılıbsa, məhv olunubsa, sözsüz ki, biz su mənbələri yarada bilmərik. Ona görə də mütləq yaşıllıqlar artırılmalıdır. Yeni meşə zolaqları salınmalıdır. Yeni perspektivli işlər, tədbirlər həyata keçirilməlidir ki, mütləq Azərbaycanda əkin suyuna olan tələbat müəyyən qaydada ödənilsin".
T.Rzayev onu da qeyd etdi ki, su qıtlığının qarşısını almaqdan ötrü mütləq ixtisaslaşdırılma getməlidir:
"Çünki elə rayonlar, ərazilər var ki, orada həddindən artıq kənd təsərrüfatı məhsulları əkilir. Bu bitkilər əkilir, amma həmin regionda o effekti vermir. Ona görə də nizamlanmalıdır. İstər yay aylarında, istərsə də qış aylarında hansı zonalarda, hansı bitkilərin əkilməsi gündəmə gətirilməlidir ki, bax, su ilə bu təmin oluna bilər. Misal üçün, mən deyə bilərəm ki, bilirsiniz pambıq əkin suyuna çox tələbatlıdır. Elə pambıqçılıq rayonları var ki, orada yüksək məhsuldarlıq əldə olunmur, ancaq pambıq əkilir və o pambıq dəfələrlə sulanır. Bir mövsümdə pambıq üç dəfə, dörd dəfə, bəzən beş dəfə suvarılmalıdır. O, məhsuldarlıq vermirsə, həmin regionda, həmin rayonda pambıq əkilməməlidir. Pul pambıq əkilən rayonlara verilməlidir və sudan qənaətlə istifadə olunmalıdır. Su itkisinə getmək olmaz, digər kənd təsərrüfatı bitkiləri də var ki, mütləq bu ixtisaslaşma getməlidir və planlaşma aparılmalıdır ki, hansı mövsümdə, hansı əraziyə, hansı miqdarda su verilə bilərsə, həmin ərazilərdə, həmin məhsullar yetişdirilməlidir. Bax, mütləq bu tədbirlər görülməlidir. Hökumətin bir neçə dəfə bununla əlaqədar iclasları çağırılıb və gündəmdə çox ciddi vəzifələr qarşıya qoyulub və tapşırıqlar verilib və cənab Prezidentin bununla əlaqədar sərəncamları da var. Sözsüz ki, bunun yerinə yetirilməsi və hər bir təşkilatdan, hər bir qurumdan, eləcə də hər bir vətəndaşdan asılıdır. Ona görə bizim hər birimiz maraqlı olmalıyıq. Həqiqətən də suyun azalması, Kürdə suyun quruması çox ciddi bir problemdir. Çünki bizim əksər rayonlarımızı yuxarıdan başlayaraq Kürün suyu ilə təmin olunur. Amma indi mənim təmsil olunduğum rayondan da, yəni Ağcabədidən də Kür keçir. Baxıram Kürə, artıq Kür yoxdu, Kür quruyub. Ancaq belə vaxtlarda Kür coşurdu, daşırdı əraziləri basırdı. Ancaq təəssüflər olsun ki, indi Kürdə su xeyli azalıb. Ona görə tədbirlər mütəmadi olmalıdır. Ardıcıl, düşünülmüş tədbirlər olmalıdır".
Həmidə İbrahimli