Meksikanın ölkəmizdəki səfiri ADU-da olub - FOTO
Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.
Redaktor.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri yeni təyinatı münasibəti ilə təbrik edib, diplomatik fəaliyyətində ona uğurlar arzu edib. Rektor qeyd edib ki, səfirlik və universitet arasında əməkdaşlıq iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə səbəb olacaq. ADU-da İspan dili mərkəzinin uğurla fəaliyyət göstərdiyi, tələbələrin ispan dilini böyük həvəslə öyrəndiyi diqqətə çatdırılıb.
Xaricdə altı Azərbaycan dil və mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini deyən akademik Kamal Abdulla Meksika universitetlərindən birində Azərbaycan Dil və mədəniyyət mərkəzinin yaradılması təklifini irəli sürüb.
ADU-nun rektoru fövqəladə və səlahiyyətli səfiri “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşə dəvət edib.
Xanım Mariya Viktoriya Romero Kabalyero ADU-da olmaqdan məmnun olduğunu bildirib, ispan dilinin yüksək səviyyədə tədris olunduğuna görə təşəkkürünü bildirib. Səfir gələcək əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu diqqətə çatdırıb. Meksika universitetləri ilə əlaqələrin yaradılması, Azərbaycan dil və mədəniyyət mərkəzinin açılması təklifi müsbət dəyərləndirilib və bununla bağlı danışıqların aparılacağı diqqətə çatdırılıb. Xanım diplomat meksikalı tələbələrin Azərbaycan dili və mədəniyyətini öyrənməsində maraqlı olduğunu əlavə edib.
Daha sonra Meksikanın ölkəmizdəki səfiri universitetdə fəaliyyət göstərən mərkəzlərlə tanış olub.