Qarabağ Dirçəliş Fondu bu quruma “İanə sertifikatı” təqdim etdi

 16:03 14.03.2023     312

“LANDAU School” Qarabağ Dirçəliş Fonduna (QDF) 15 min 530 manat məbləğində ianə edib.

Fonddan Redaktor.az-a bildiriblər ki, ianə olunan məbləğ “LANDAU School” Tədris Kompleksində Zəfər Günü ilə əlaqədar “Bake to donate” (“İanə etmək üçün bişirin”) xeyriyyə yarmarkasında şagirdlərin müxtəlif təamların satışını həyata keçirməsi ilə toplanıb.

Qeyd edilib ki, QDF-in fəaliyyətində erməni işğalı nəticəsində Qarabağa dəyən zərər barədə gənclər arasında maarifləndirmə işlərinin aparılması, onların bu istiqamətdə görülən işlərə cəlb olunması xüsusi yer tutur. Məhz bu baxımdan belə təşəbbüslər olduqca mühüm əhəmiyyət kəsb edir. Qarabağın dirçəlişi kimi mühüm bir missiya ətrafında birləşmək, işğaldan azad edilən ərazilərin bərpası və inkişafı istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə irəli sürülən belə təşəbbüslər həmrəyliyin təzahürüdür. Edilən ianələr işğaldan azad olunan ərazilərin bərpası və yenidənqurulması istiqamətində həyata keçirilən tədbirlərə yönəldilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın dirçəlişi, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək vermək, bərpa prosesini sürətləndirmək hər birimizin borcu, ümumxalq işidir.

22