Elektron Təhlükəsizlik Xidmətindən media qurumlarına XƏBƏRDARLIQ
Son günlər Azərbaycanda media qurumlarına məxsus sosial şəbəkə və sosial media platformalarındakı hesabların ələ keçirilməsi halları müşahidə edilir.
Bu barədə Redaktor.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.
Qurumun apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, hesablar fişinq və digər hücumlar nəticəsində ələ keçirilir. Bəzən istifadəçilərin e-poçt və sosial şəbəkə hesablarının mesaj bölməsinə şifrin dəyişdirilməsi, sosial şəbəkə və sosial media platformasında qayda və şərtlərin yenilənməsi ilə bağlı saxta keçidlər göndərilir. Həmin keçidlərə daxil olan istifadəçilərin hesab məlumatlarını qarşı tərəfə təqdim etmələri onların hesablarının oğurlanması ilə nəticələnir.
ETX istifadəçilərə sosial şəbəkə hesablarının və sosial media platformalarının təhlükəsizliyinin təmin olunması məqsədilə bunları tövsiyə edib:
- Şübhəli mənbələrdən göndərilən keçidlərə daxil olmayın;
- Çətin və unikal şifrlərdən (https://bit.ly/3LrQROW), eləcə də ikimərhələli autentifikasiyadan (https://bit.ly/3JAPJav) istifadə edin;
- Sosial şəbəkə hesabları vasitəsilə üçüncü tərəf tətbiqlərə və saytlara giriş imkanı verərkən diqqətli olun;
- İctimai və ortaq istifadə edilən cihazlarda sosial şəbəkə hesablarından çıxış edin.
Müvafiq təhlükə ilə qarşılaşan media qurumları “1654” qaynar xətti, www.cert.az saytı və [email protected] e-poçt ünvanı vasitəsilə ETX-yə müraciət edə bilər.