"Sübh tezdən Naxçıvan çayına gedib suyun üzərindən atlanırdıq" - Fazil Mustafa
"Novruz bayramını əvvəllər daha fərqli qeyd edərdik".
Bunu Redaktor.az-a Milli Məclisin deputatı Fazil Mustafa Novruz bayramını uşaqlıq və gənclik illərində necə keçirməsi ilə bağlı danışarkən bildirdi.
"Açığı, müstəqil dövlətdə yaşamayan insanlar üçün bu həm də bir müstəqillik simvolu idi. Elə bilirdim, bəlkə sənə məxsus olan gün məhz budur. Yoxsa yüzlərlə sovet bayramları vardı ki, o adamın içinə yatmırdı. Ona görə də bu bayram hər kəs üçün bir müstəqillik günü qədər dəyərli bayram idi. Amma müstəqillik əldə ediləndən sonra mənim üçün çox da çəkici olmadı. Çünki buna qədər universitetdə, başqa yerlərdə Novruz bayramını ən yüksək səviyyədə təşkil edirdik. Hamısında da aktiv iştirak edirdik ki, bu bir milli oyanışa səbəb olsun. Milli oyanışın yekunu, müstəqil dövlətin yaranmasıdır. Ondan sonrakı dövrdə artıq bu bayram özünün əvvəlki ehtişamını fikrimcə, ortadan qaldırdı. İndi sadəcə bir milli adət-ənənəni yaşatmaq naminə bu bayram ovqatını, əhval-ruhiyyəsini qoruyub saxlayırıq" - millət vəkili dedi.
Fazil Mustafa ilaxır çərşənbə ilə bağlı xatirələrini də bölüşdü:
"Uşaq vaxtı çox sayda papaq da atmışıq, qapımıza papaq atıblar. İndinin özündə də bu papaqlar atılır. Amma hər halda biz bu bayramın insanları birləşdirən, həmrəylik yaradan dəyərini qorumalıyıq. Çünki Novruz bayramı istər dini, istər başqa görüşlərdən asılı olmayaraq insanları birləşdirən bir bayramdırsa, insanı güldürən bir bayramdırsa, insana bi-birini ziyarət etməyə təşviq edən bir bayramdırsa, bunu qorumaq lazımdır. Çoxlu xatirələr var, amma ən böyük xatirələrsə sübh tezdən durub bir-iki kilometr uzaqda olan Naxçıvan çayına gedib suyun üzərindən atlamaq idi".
Həmidə İbrahimli