"Novruz bayramı mənim yeniyetməlik dövrümdə daha maraqlı idi" - Fəzail Ağamalı

 17:21 14.03.2023     503

“Mənim uşaqlıq və yeniyetməlik illərim kənd həyatı ilə bağlıdır. Təbii ki, Novruz bayramının, çərşənbənin bütün əlamətləri şəhər və kənddə ciddi şəkildə fərqlənir. Və etiraf edim ki, Novruz bayramı mənim yeniyetməlik və gənclik dövrümdə daha maraqlı idi. İndikindən fərqli olaraq xalq tərəfindən daha ciddi hazırlıq işləri görərək qeyd olunurdu və bayram əhval-ruhiyəsi hər bir ailəni əhatə edirdi".

Bunu Redaktor.az-a deputat Fəzail Ağamalı İlaxır çərşənbə, Novruz bayramı ilə bağlı fikirlərini bölüşərkən dedi.

"Xatırlayıram ki, bizim üçün ən önəmlisi Od çərşənbəsi idi. Od çərşənbəsini bir qayda olaraq indiki kimi dörd çərşənbənin içərisində yer alan bir çərşənbə kimi deyil, İlaxır çərşənbəsində qeyd edərdik, ona hazırlıq işlərini biz bir ay əvvəl başlayardıq. Ətrafdan, kənardan quru çör-çöplər, necə deyərlər, qarın altından çıxan və yanmağı mümkün olan kökləri yığıb gətirərdik, onu bir tonqal halına salardıq. 
Tonqal yandırılardı, tonqalın ətrafında bütün ailə yığışardı, onun üzərindən atılardıq və daha sonra əlimizdə hazırladığımız xüsusi neftə bulaşdırılmış şarlarla qaranlıqda ataraq harada olduğumuzu da ifadə edərdik.
Bayram gününün sabahısı səhər sübh tezdən çıxaraq axar suyun üzərinə gedərdik. Axar suyun üzərindən iki-üç dəfə atlanaraq “ağırlığımız-uğurluğumuz bu suya tökülsün” deyərdik. Necə ki, bu sözləri eyni zamanda tonqala deyərdik. Sonra həmin çayın, axar suyun içərisindən daşlar, qırağından quru otlar da götürərdik. Onu analarımız, nənələrimiz müxtəlif yerlərə, evin küncünə qoyardılar. Bu cür davranışlarla biz bayramı qeyd edərdik.

Bayramda, nənələrimiz, analarımız halva çalardı. Çöçə hazırlanardı. Yumurta döyüşərdik. Bu da geniş yayılmış bir bayram əhvalını ifadə edən şərtlərdən biri idi. Sonra oyunlar oynayardıq, müxtəlif oyunlar. Kənd həyatı, uşaqlıq, yeniyetməlik, gənclik qaynar günlərini yaşayırdı. Əlbəttə, indi şəhərlərin öz yanaşmaları var. Şəhər öz yerində, hətta kəndlərimizdə də bunu mən müşahidə eləmirəm, indi fərqli bir vəziyyətdədir”.

Novruzun millətmizin, dövlətimizin ən əziz bayramı olduğunu qeyd edən Fəzail Ağamalı hesab edir ki, bunu dini bayram kimi qəbul etmək heç də doğru deyil.

"Bu, türk xalqının min illər boyu həyat tərzinə, davranışına və əziz bayramına çevrilən baş tacıdır. Bu bayramı bu il biz daha yüksək əhvalla qəbul edirik. Artıq ikinci ildir ki, biz bu bayramı işğaldan azad olunmuş bütün torpaqlarımızda qeyd edirik. Qalib dövlət kimi, zəfər çalmış bir xalq kimi qeyd edirik. Mən elə fürsətdən istifadə edib bütün xalqımızı təbrik edirəm. Bahar bayramımız mübarək olsun. Xeyirli, bərəkətli olsun. Xalqımıza yüksək əhval-ruhiyə, əmin amanlıq, vətənimizə sülh, dövlətimizə güc arzulayıram. Tam əminəm ki, növbəti Novruz bayramını Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavəndin bütün ərazisində keçirəcəyik. Allah bundan sonrakı günlərimizi daha yüksək eləsin. Problemlərdən uzaq olaq”, -millət vəkili dedi.

Arzu İSMAYIL