Ağsuda “Heydər Əliyev” İli çərçivəsində ağacəkmə aksiyası keçirildi - FOTO

Martın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatı və Ağsu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində rayonun Rəhimli-Qaradağ avtomobil yolunun kənarında ağacəkmə aksiyası keçirib.
Bu barədə Redaktor.az-a YAP-ın Ağsu rayon təşkilatından bildirilib.
“Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyasının keçirilməsinin məqsədi Ulu Öndərin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələrini, irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir. Sirr deyil ki, ümummilli lider Heydər Əliyev rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekologiyanın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına həmişə böyük əhəmiyyət verib, Azərbaycanın ekoloji problemlərinin həllini xüsusi diqqətdə saxlayıb. Ulu Öndər ölkədə yeni ekoloji düşüncənin formalaşmasına zəmin yaradıb, ekoloji siyasətin əsasını qoyub. Ümummilli lider Heydər Əliyevin Azərbaycan təbiətinə qayğısı və bu sahədəki siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Aksiyada təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün iqlimə uyğun sərv və müxtəlif növ meyvə ağacları əkilib, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilib və suvarılıb.
Tunar Altunbay


