Qənirə Paşayeva şəhid Tural Qarayevin anası ilə görüşdü

 14:06 16.03.2023     265

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Novruz bayramı ərəfəsində Azərbaycan Vətən müharibəsinin şəhidi, Silahlı Qüvvələrin kiçik çavuşu Tural Qarayevin anası Səmayə Qarayeva ilə görüşüb.

Redaktor.az xəbər verir ki, parlamentdə baş tutan görüşdə, şəhid anasının ürək sözləri dinlənilib, qayğıları öyrənilib.

Komitə sədri Azərbaycan Respublikasının ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından danışıb, həmin diqqət-qayğının hər bir millət vəkili, məmur, vətəndaş cəmiyyəti təmsilçisi, işadamı və ziyalı üçün də örnək təşkil etdiyini söyləyib. O, milli bayramımız Novruz ərəfəsində keçirilən görüşün, ümumiyyətlə şəhid anaları ilə hər görüşün onunçün çox əziz görüş olduğunu bildirib, şəhidin əziz ruhuna ehtiramını bildirib:

“Əziz şəhid anası, dəyərli bacım, hər bayramda ilk anılacaq insanlar sırasında ən öndə Siz şəhid anaları gəlirsiz. Sizi Novruz bayramı münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm!

Tanrımıza şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, onların ruhu şaddır. Füzulidə də, Şuşada da bayrağımız dalğalanır, ordumuz yetərincə güclüdür, öz üzərinə düşən vəzifələrə uyğun olaraq istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Vətən uğrunda canını qurban vermiş igid övladınızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik”!

Görüşdə “UNİTY-Company”in təsisçisi Fikrət Əliyev də iştirak edib və o, şəhid ailələri ilə görüşün hər bir ziyalı, hər bir işadamı və vətənpərvər insan üçün bir mənəvi borc olduğunu qeyd edib, şəhidimizin həyat və döyüş yolu ilə maraqlanıb. O, şəhidin anasını və onun timsalında ailənin bütün üzvlərini, doğmalarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Görüşün sonunda Mədəniyyət Komitəsi və “UNİTY-Company” adından şəhid ailəsinə bayram hədiyyələri təqdim edilib.

***

Azərbaycan Ordusunun şəhid kiçik çavuşu Tural Şahin oğlu Qarayev (29.04.1991– 02.10.2020) Bakının Binəqədi rayonunun 28 May qəsəbəsində anadan olub. Bakı şəhərinin 274 saylı tam orta məktəbində oxuyub. 2009-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Bir müddətdən sonra NATO-nun Sülhməramlı kontingentinə göndərilib və xidmətini orada davam edib. Sonrakı aylarda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün keçirilən yoxlanışlarda iştirak edib və qəbul olunub. Xidməti müddət ərzində keçirilən təlimlərdə uğurla iştirak edib.

Tural Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün əks-hücumla başlanan II Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidimiz doğma Qobustanın Bəklə kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qarayev “Vətən uğrunda” medalı ilə təltif edilib.

Prezidentin 25.12.2020-ci il tarixli Sərəncamına əsasənsə Tural Qarayev “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Ruhu şad olsun!

Turan İSMAYIL