Ağstafada 3 sərhədyanı kəndin su təchizatı yaxşılaşdırılır - FOTO

 15:35 16.03.2023     325

"Azərsu" ASC Ağstafa rayonunun sərhədyanı bölgədə yerləşən Köhnəqışlaq, Tatlı və Yaradullu kəndlərinin içməli su təchizatını yaxşılaşdırır.

Bu barədə Redaktor.az-a qurumdan bildirilib.

Məlumata görə, layihə dövlət investisiyası hesabına həyata keçirilir. Bu kəndlərdə indiyə qədər mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri mövcud olmayıb. Köhnəqışlaq kəndində bulaqlardan, Tatlı və Yaradullu kəndlərində isə suvarma üçün nəzərdə tutulan subartezian quyularından istifadə edilib. Əhali içməli suya olan tələbatını uzaq məsafədən daşımaqla ödəyib.

Təsdiqlənmiş layihəyə uyğun olaraq Köhnəqışlaq kəndinin su təchizatı mövcud bulaqdan, Tatlı və Yaradullu kəndləri isə yeni qazılacaq subartezian quyularından veriləcək. Layihə çərçivəsində nasos stansiyaları və su anbarları, əhalinin ümumi istifadəsi üçün bulaqların inşası nəzərdə tutulub. Hazırda 5,9 km magistral və 38 km şəbəkə su xətlərinin tikintisi yekunlaşmaq üzrədir, nasos stansiyalarının və anbarların tikintisi davam etdirilir. 3 kənddə əhalinin ümumi istifadəsi üçün 256 ədəd bulağın quraşdırılması nəzərdə tutulub.

Tikinti quraşdırma işlərinin bu ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur. Layihənin icrası min sakinin içməli su təchizatını yaxşılaşdıracaq. Ağstafa rayonu ilə yanaşı hazırda Qazax, Tovuz və Neftçala rayonlarının kənd və qəsəbələrində içməli su layihələri həyata keçirilir.

222