Metro stansiyalarının girişində niyə sıxlıq yaranır?

"Bakı Metropoliteni"nin stansiyalarının girişlərinin yoxlama məntəqələrində skaner tipli yeni yoxlama qurğularının quraşdırılmasından sonra metroya daxil olarkən tez-tez sıxlıq müşahidə edirik. Sərnişinlərin çantalarının yoxlanması zamanı növbələr yaranır və bu da istər-istəməz hətta əşyasız sərnişinlərin stansiyaya daxil olmasını gecikdirir. Artıq son günlər bununla bağlı sosial şəbəkələrdə də narazılıqlar ifadə olunur. Sərnişinlərə görə, sərnişinlərin çantaları təkcə skaner aparatı ilə yox, eyni zamanda əvvəllər olduğu kimi polis nəfərləri tərəfindən detektorlarla da yoxlanılmalıdır ki, stansiyanın girişində sıxlıq yaranmasın və tez bir şəkildə qatara yetişə bilsinlər.
Mövzu ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli Redaktor.az-a bildirdi ki metronun Elmlər Akademiyası, 28 May, günorta saatlarında Gənclik, N.Nərimanov, səhər saatlarında isə Koroğlu, Memar Əcəmi, 20 Yanvar stansiyalarında xüsusilə sərnişin axını çox olduqda sıxlıq vəziyyəti yaranır. Onun sözlərinə görə, metropoliten üçün çox vacib məsələ hərəkətin təhlükəsizliyini təmin etməkdir:
“Yəni sərnişinlərin təhlükəsizliyi çox vacibdir. Platforma səviyyəsinin bəlli ölçüləri var. Metropolitendə üstəlik qatarlar da texniki cəhətdən mümkün ən sıx qrafiklə işləyir. Bu səbəbdən tənzimləmənin əsas növü məhz sərnişinlərin platforma səviyyəsində tənzimlənmiş qaydada metroya buraxılmasıdır. Çünki, platforma səviyyəsi ifrat dərəcədə yüklənərsə fəsadlara, neqativ hallara, faciələrə gətirib çıxara bilər. Bu səbəbdən platforma səviyyəsi, daha sonra ekskalatorun yuxarı-aşağı giriş meydançaları, sonrakı mərhələdə sərnişinlərin ödəniş edib keçdiyi avtomat buraxılış nəzarət məntəqələri və nəhayət giriş və keçidlər bu qayıda ilə tənzimlənir deyə əsas hədəf də sərnişin təhlükəsizliyini təmin etməkdir”.
Metroda yoxlamanın eyni zamanda dedektor vasitəsilə aparılması məsələsinə gəlincə, Bəxtiyar Məmmədli bildirdi ki, bu məsələ “Bakı Metropoliteni” QSC-nin səlahiyyətində deyil.
Daha sonra mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti idarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə müraciət etdik. O məsələ ilə bağlı bildirdi ki, “Bakı Metropoliteni”nin bütün stansiyalarında, girişlərdə qanuna uyğun olaraq təhlükəsizlik məqsədilə bütün zəruri tədbirlər icra olunur:
“Metroda təhlükəsizlik ən yüksək səviyyədədir. Həm xüsusi elektron rəqəmsal cihazlar və digər halda isə rəqəmsal kamera sistemi vasitəsilə və dünyada bu sahədə hansı təcrübələr tətbiq olunursa, həmin təcrübələr əsasında metropolitendə sərnişinlərin təhlükəsizliyinin təmin olunması diqqət mərkəzində saxlanılan məsələlər sırasındadır. Eləcə də xidmətə cəlb olunan polis əməkdaşları mütəmadi olaraq təlimlərə cəlb olunub. Gündəlik təlimatlarda xidmətin yüksək təhlükəsizlik şəraitində təmin edilməsi məqsədilə bütün zəruri tədbirlərin görülməsi onların diqqətinə çatdırılan əsas xüsusatlar sırasındadır. Metropolitenin daxili nizam-intizam qaydalarına müvafiq olaraq hərəkət edən sərnişinlər, başqa sözlə metroya daxil olan sərnişinlər müvafiq qaydaya uyğun olaraq qadağan olunmuş əşyalar var ki, həmin əşyalar metropolitenin stansiyalarına sərnişinlə birlikdə buraxılmır. Bundan başqa sərxoş vəziyyətdə olan sərnişinlər daxil olmaqla heç bir halda onların metropoliten ərazisinə keçişinə icazə verilmir. Bütün bunları sizin vasitənizlə sərnişinlərin diqqətinə çatdırmaq istərdik ki, metropolitendə təhlükəsizliklə bağlı bütün zəruri tədbirlər icra olunur”.
Nərmin NƏSİBLİ