Prezident təqaüdü təyin olunan şəxslərin SAYI
2023-cü il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1114,2 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1200,5 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 11,0 faizini təşkil edir.
Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin saytında məlumat verilib.
Onların 62,5 faizi yaşa, 24,5 faizi əlilliyə, 13,0 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz artaraq 372,1 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 44,3 faizinə bərabər olub.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,6 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub.
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.
Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2023-cü ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 128,3 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 113,6 min) nəfər, əlilliyə görə - 46,7 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi min 209,5 min (müvafiq olaraq 55,8 min və 206,1 min) nəfər, ailə başçısını itirməyə görə - 56,1 min (54,3 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 24,3 min (22,9 min) nəfər olub.
Eyni zamanda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 202 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, Şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilib, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 5,6 min ailəsinə 8,7 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 3677 nəfər bir yaşınadək uşağı olan 3572 aztəminatlı ailəyə, övladlığa götürülən, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş 14 uşağa görə 12 ailəyə və beşdən çox uşağı olan 2,6 min qadına 10,8 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 313 şəxsə isə kompensasiya verilib.
2022-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 55,5 min ailəyə 58,4 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,9 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 7,3 min nəfərə birdəfəlik müavinətlər verilib.
2023-cü il yanvarın 1-i vəziyyətinə 65,5 min aztəminatlı ailənin 290,8 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 88,09 manat təşkil edib.
Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 382,0 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.