"Həcc məsələsi Qafqaz Müsəlmanları İdarəsinin monopoliyasındadır"

 17:04 17.03.2023     754

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsi bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiyməti açıqlayıb. Bildirilib ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edir ki, bu da 9775 manat deməkdir. Qeyd edək ki, bu qiymət keçən il 9100 manat idi.

Həcc ziyarəti üçün açıqlanan məbləğ birmənalı qarşılanmayıb. Ziyarətin bahalaşması sosial platformada da geniş müzakirələrə səbəb olub. İstər cəmiyyətdə, istərsə də sosial şəbəkələrdəki müzakirələrdə məbləğin yüksək olması vurğulanıb.

Məsələ ilə bağlı Redaktor.az-a danışan ilahiyyatçı Elşad Miri məsələni iki prizmadan şərh etdi:

"Bu məsələnin iki tərəfi var; bir maddi, bir də dini. Qiymət məsələsinə toxunanda, bu, 10 min manata yaxın məbləğdir. Təbii ki, siz orda qaldığınız üç həftə və ya iyirmi gün ərzində xərcləmək üçün üstünüzdə bir miqdar əlavə vəsait də götürməlisiniz. Çünki ziyarət paketinə görə sizə yalnız səhər yeməyi veriləcək. Nahar və şam yeməyini öz pulunuza yeməlisiz ki, bu da əlavə min, iki min dollara yaxın pul edəcək. Bundan başqa evinizə gələnlərə və ya sevdiklərinizə hədiyyə kimi nəsə gətirəcəksiniz. Bəzi insanlar ömür boyu özlərini buna hazırlayırlar. Getməyi, görməyi, orda ibadət etməyi. Amma gedən insanların əksəriyyətindən soruşsaq ki, 24 saatın neçə saatını orda keçiriblər? Bir neçə namaz vaxtı. Məqsəd budurmu? Məqsəd bu deyil. Allah bizdən bunu istəyir? Qurandan öyrəndiyimizə görə Rəbbimiz bunu istəmir. Bəs istədiyi nədir? Baxın 10 min manat. Bu günləri hər hansısa azərbaycanlı tələbə ödənişli təhsil alırsa, bu da ildə minimum iki min manatdır. Yəni 12 min manatla sizin gedib iyirmi gün Səudiyyə Ərəbistanında qalmağınızın əvəzinə burda 6 nəfər tələbənin illik təhsil haqqını ödəyə bilərsiniz. Və yaxud da, üç tələbənin təhsil haqqını ödəyib, qalanına onların başqa  xərclərini qarşılaya bilərsiniz. Ora gedən insanların əksəriyyəti imkanlı insanlar deyil. Maaşlarından, sonra ordan-burdan gələn vəsaitlərindən yığan, öz boğazlarına yemək almayıb insanların Həcc ziyarətinə getdiklərini görürük. İnsan ömür boyu bircə dəfə görmək istədiyini fikirləşir. Təəssüflər olsun ki, bu gün Həcc məsələsi yenə də Qafqaz Müsəlmanları İdarəsinin monopoliyasındadır. Bununla bağlı hesabat verilirmi? Təbii ki, xeyr".

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadədir.

Həmidə İbrahimli