Zahid Oruc Baş nazirin "o cihazı gətirin" sözlərinə faktlarla CAVAB VERDİ

 19:45 18.03.2023     5795

Martın 17-də parlamentin iclasında Baş nazir Əli Əsədovun illik hesabatı zamanı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında bildirib ki, hökumətin xalq içərisində etimadı yüksək deyil.

Bundan narazı qalan baş nazir millət vəkilinin bu sözlərinə sərt reaksiya verib: 

“Hansı cihazla müəyyənləşir ki, xalqın arasında hökumətin nüfuzu aşağıdır? Zahid Orucdan xahiş edəcəm ki, hansı cihazdırsa, gətirsin, görək, xalqın arasında hökumətin nüfuzunu necə ölçürlər?”

Əli Əsədovun bu sözlərinə Zahid Orucun münasibətini öyrəndik.

Redaktor.az-la fikirlərini bölüşən komitə sədri bildirdi ki, Baş nazirin reaksiyası sərt yox, sadə bir reaksiya idi.

Onun sözlərinə görə, ümumi parlament diskussiyalarında müxtəlif məsələlərə baxışlar kəskin fərqlənə bilər:

"Düşünürəm ki, əslində Milli Məclisdə illik təsdiq olunmuş büdcənin, xalqın və dövlətin bütün sahələrini əhatə eləyən əsas maliyyə sənədinin necə xərcləndiyinin görünməsi açıq diskussiyalar formatında olmalıdır. Yalnız bu halda biz küçə və meydanlarda müxtəlif dedi-qoduların, bədgüman reaksiyaların aradan qaldırılmasına nail ola bilərik. Biz nə qədər Milli Məclisdə gerçək müzakirələri təşkil edə biləcəyiksə, müxtəlif arqumentlər hər kəs tərəfindən öz mövqeyinin müdafiəsi üçün gətiriləcəksə, həqiqətən hər bir manatın hesabı çəkiləcəksə və keçmişdəki kimi hansısa məsələlərə formal münasibət olmayacaqsa, hansı ki, biz onun ağrılarını çox yaşadıq. Müxtəlif nazirlərin dövlət büdcə vəsaitlərini talaması və açılan cinayət işləri, korrupsiya qalmaqalları və cənab Prezidentin də dəfələrlə söylədiyi kimi xalqın maraqlarına, mənafelərinə zərbələr vurulub. Sahibkarlar bir sıra hallarda vəsaitləri, imkanları, mülkləri əlindən alınıb, fəaliyyətlərinə müdaxilələr baş verib. Belə olan təqdirdə hesab edirəm ki, hər bir deputatın orada reaksiyası fərqli ola bilər və biz ona hörmətlə yanaşırıq".

Zahid Oruc onu da vurğuladı ki, hesabatı gözləmədən digər formatlarda, istər baş nazir, istərsə də nazirlər səviyyəsində daim parlamentdə müxtəlif dinləmələr, müzakirələr formatını yaratmaq lazımdır.

"Müxtəlif beynəlxalq hesabatlarda nə qədər qlobal erməniçilik, Azərbaycan əleyhinə ixtisaslı, siyasi korrupsiyaya bulaşmış və müxtəlif qruplardan, mərkəzlərdən qaynaqlanan siyasətlər bir yana, amma eyni zamanda bu müzakirələr getmədikcə hansısa indekslərdə və reytinqlərdəki yerimizi aşağı qoyurlar ki, onlardan xilas olmaq lazımdır.

O biri tərəfdən vətəndaşımız qane olacaq. İnsanlarımızda əminlik yaranacaq, daha çox aktiv bu proseslərə qoşulacaqlar. Diqqət etdinizsə, mən iclasdakı çıxışımın əvvəlində vətəndaşlarımızın bu məsələlərə müəyyən bir laqeydlik göstərdiyindən narahatlığını bölüşmüşəm. Nə üçün insanlar sorğulaya bilmirlər ki, bu məktəbin illik xərci nədən ibarətdir? Məsələn, rayon təhsil şöbəsi hansı vəsaitlə çalışır, oradakı işçilərin əmək haqları nədən ibarətdir? Təmir üçün nə qədər vəsait ayrılıb, necə işlənib, necə xərclənib? Axı bunlar hamısı şəffaf olmalıdır və ölkə rəhbərinin, xüsusilə də 2019-cu ildən sonra yeni hakimiyyət quruculuğu siyasətinin təməlində dayanan məram, şəffaflıq, məsuliyyət hesabatlılıqdır. Əgər təbii ki, belədirsə, bu şəraitdə parlamentdə hər cür xarakterli diskussiyalar, debatlar olmalıdır. Ranqından asılı olmayaraq, ya komitə sədrləri arasında, ya da ki, digərlərinin səviyyəsində olsun.

Bu gün hökumət deyərkən Müdafiə Nazirliyi də onun içərisindədir. Baxmayaraq ki, həmin qurumlar qanunverici orqan qarşısında hesabat vermir, amma Kəlbəcərdən Zəngilana qədər yeni sərhədlərdə keşik çəkirlər. Bunu hər bir insanımız alqışlayır, çünki bu millətin mənafeləri uğrunda insanların xalqımızı göz bəbəyi kimi qorumasının bir ifadəsidir. Amma bir tərəfdə, haradasa dediyimiz kimi, hesabatsızlıq varsa və bölgələrdə yaranan bir problem halında o insanların qarşısına yalnız polis orqanları, fədakar daxili işlər orqanları çıxırsa və əvəzində müvafiq nazirlik və qurumların, komitələrin nümayəndələri orada yoxdursa, vətəndaş hətta orta ranqlı bir məmurla ünsiyyət qurub sabahkı vəziyyət haqqında  onu sorğulaya bilmirsə bu şəraitdə şübhəsiz ki, bizim mövqelərimizə ziyan dəyir. Azərbaycan Prezidenti malik olduğu reytinq, nüfuz, xalqın yüksək rəğbəti, cəmiyyətdəki əmin amanlığı təmin etməklə yanaşı onu hər hansı məmur bu şəkildə xərcləməməlidir" - deyə o, bildirdi.

Komitə sədri sorğuda iştirak edən vətəndaşların daha çox hansı dövlət qurumundan narazı qalması məsələsinə də toxunaraq bir çox qurumun adını çəkdi:

"Əlbəttə, sosioloji olaraq qarşıya qoyduğumuz məqsəddən asılıdır ki, biz nəyi tətbiq edirik. Tutalım, ünvanlı yardım siyasəti 300 milyon manatdan yuxarı vəsaiti əhatə edir. Amma gəlin görək, vətəndaşların həmin siyasətdən bəhrələnməsi səviyyəsi necədir? Onlar bunu asanlıqla əldə eliyə bilirmi? Siz görəcəksiniz ki, yetərincə problemlər yaradılır.

Yaxud da ki, əlilliyin təyinatı məsələləri, o cümlədən iş yerləri ilə bağlı qayğılar, məşğulluq sahəsi, kreditlərə əlçatanlıq, biznes fəaliyyətinin qurulması, müxtəlif fiksal ödəmələrin aparılması ilə bağlı işlər, indiki halda sərhədlərin bağlı olması, digər bürokratik problemlər, məhkəmə ilə bağlı məsələlər hər zaman qabardılır. Bölgələrimizin vəkillə təminatı Anar Bağırovun Vəkillər Kollegiyasına rəhbərliyə gələndən sonra qat-qat artmasına rəğmən, hələ də ayrı-ayrı rayonlarda bu məsələ son dərəcə aşağı vəziyyətdədir. Bu halda siz o hüquqi müdafiənin necə keyfiyyətli aparıldığına inana bilərsiniz? Çünki sadə insan bütün qanunvericilik müddəalarını peşəkar bilə bilməz və haqlı olduğu halda əleyhinə qərarlar çıxarılırsa, bu qərar və qətnamələr də dövlətin adından verilir, onun etibarı zədələnir. Belə bir durumda biz mütləq onu qiymətləndirməliyik ki, qurumlarla bağlı daimi olaraq insanlarımızın həmişə müxtəlif tənqidləri ciddi, prinsipial tələbləri var və məsələnin başqa bir ölçmə mexanizmləri də mövcuddur. Məgər bu hakimiyyət institutları qarşısına aylarla gələn vətəndaşları görmək çətindir? Və yaxud da ki, prezidentin ünvanına gedən 10 minlərlə məktub onun real dəyərləndirilməsi aparıldığı təqdirdə biz gerçək vəziyyəti görəcəyik. Əgər yerlərdə biz bələdiyyə orqanlarını yetərincə səlahiyyətsiz bir durumda qoymuşuqsa, birinci mərhələdə insanlarla işləyəcək qüvvə ortadan qalxıbsa, icra hakimiyyətlərinə də etibar aşağıdırsa və onlar əksər hallarda məsələni mərkəzlə həll eləməyi işarə edirlər, onu göstərirlərsə, insanlarla canlı ünsiyyəti aşağı yerə qoyuruqsa, hər məsələni yalnız elektron platformalara daşıyırıqsa, "Zoom"la, votsapla yaxud da qaynar xətlərinə məsələni həll edəcəyiksə, o zaman, yəni həm dövlət başçısının, həm də hörmətli Mehriban xanımın ünvanına gələn məktublar və onların ciddi şəkildə təhlili hansı sahələr üzrədir? Necə problemlər qaldırılır, hansı bölgələri əhatə edir? Məsələlərin həlli üçün dövlət tərəfindən necə addımlar atılır və nəticə nədən ibarətdir?"

Millət vəkili konkret faktlara da toxundu.

"Mən özümün subyektiv mövqeyimi demirəm, Şəmkir, Goranboy zonası üzrə bu Hesablama Palatasının auditinin nəticəsidir. Bir milyon manatdan yuxarı 47 hemodializ qurğusunun alınması, yerləşdirilməsi və insanlara dializ sahəsində o pasiyentlərə xidmət üçün yönləndirilir. Amma o iş normal təşkil oluna bilməyib və bu halda tibbi xidmət verilə bilmədiyi şəraitdə insanlar ya Gəncəyə, ya digər ərazilərə axışıblar. Sonra nə baş verir? Növbəliliyin yüklənməsi, bir günə düşən dializ xəstələrin sayının qat-qat artması və o insanların da bəzilərinin həyatdan getməsi, yollarda bürokratik zirehi adlaya bilməməsi səbəbindən ya mediaya, özünün fərdi şikayəti səviyyəsində mövqelərini söyləməsi və sair olur. Axı dövlət bundan ötrü vəsait ayırıb. Bu hələ lokal ərazidə bir problemi söylədik. Dövlətin verdiyi vəsaitlər ünvanına çatmayıbsa, bu, mühüm bir problemdir. Ona görə mən söylədim ki, keçmişdə biz nəyin şahidi olmuşuq? Hələ heç bir nazir üzərində məhkəmə baxışı sona çatmayıb. Biz müxtəlif dövlət büdcə vəsaitlərinin ciddi şəkildə talanması, ona barmaq uzadılması problemlərini görmüşük. Bu hesabatlarda əgər formalizm olmasaydı, biz daha açıq bu məsələlərin üzərinə getdikcə rəqib qüvvələri tərksilah etmiş olarıq. Onlar həqiqətin ünvanına çevrilməzlər. Çünki adamlar sabiq məmura çevriləndən sonra onun cinayətkar obrazı haqqında düşünməyə və danışmağa başlayırıq. Niyə, məsələn, hər hansı bir Meydan TV və qeyrisi bu məsələni ortaya qoyur və sanki insanlar da belə düşünsün ki, onların haqlarını, mövqelərini etirazlarını işıqlandıran, ictimailəşdirən yalnız bir ünvan var. Niyə belə olmalıdır ki? Ulu Öndərin yaratdığı fundamental ənənələr var və biz hesab edirəm ki, o, kursdayıq.

Cənab Prezident də həmişə bu məsələləri dilə gətirir. Ona görə də, hətta ölkə rəhbərinin bəyan etdiyi pislədiyi və aradan qaldırmaq üçün iradə göstərdiyi məsələləri biz tribunaya gətirməyəcəyiksə, onun üzəridən sükutla keçəcəyiksə, bu, artıq müzakirə sayıla bilməz", - deyə Zahid Oruc vurğuladı.

Həmidə İbrahimli