Türkiyə və Suriya üçün 7 milyard yardım TOPLANDI

 23:30 20.03.2023     519

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı (Aİ) Komissiyası və Aİ-yə bu il sədrlik edən İsveç tərəfindən təşkil edilən Beynəlxalq Donorlar Konfransı başa çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

İsveçin Baş naziri Ulf Kristerssonun məlumatına görə, "Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” adlı beynəlxalq donorlar konfransında 7 milyard dollara yaxın yardım toplanılıb. O, zəlzələlərdən zərər çəkənlərin tək olmadığını və dəstəyin davam edəcəyini bildirib.

Avropa Komissiyasının sədri Ursula von der Leyen deyib ki, bu konfrans hələlik başlanğıcdır: "Bu gün beynəlxalq ictimaiyyətin Türkiyə və Suriyadakı yenidənqurma səylərini güclü şəkildə dəstəklədiyini görməkdən çox xoşbəxtəm. Bu konfrans yalnız başlanğıcdır. Qarşıda bizi çox iş gözləyir. Gələcək həftələr, aylar və illərdə də birlikdə işləməyə davam edəcəyik. Biz öhdəliklərin tam və vaxtında yerinə yetirilməsini təmin edəcəyik".

Konfransa canlı bağlantı ilə qoşulan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ursula fon der Leyenə və Kristerssona təşəkkür edib. "Bu çətin günlərdə bütün dostlarımızın, qurumları, üzv və namizəd ölkələri ilə Avropa İttifaqının, Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq təşkilatların həmrəyliyini heç vaxt unutmayacağıq”.

O, Türkiyədəki zəlzələlərin ölkə iqtisadiyyatına 100 milyard dollardan çox zərər vurduğunu bildirib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da konfransda iştirak edib və ölkəmizin 100 milyon dollar yardım verəcəyini açıqlayıb.