Allahşükür Paşazadə İƏT-in baş katibi ilə görüşdü

 15:23 22.03.2023     322

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq təşkilatının baş katibi Hüseyn İbrahim Taha ilə görüşüb.

Bu barədə Redaktor.az-a idarədən məlumat verilib.

Görüşün əvvəlində Şeyxülislam Allahşükür Paşazadə Hüseyn İbrahim Tahaya Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb, eləcə də bu yaxınlarda Mavritaniyada keçirilən İslam Əməkdaşlıq təşkilatının Xarici İşlər nazirlərinin görüşündə Azərbaycanın irəli sürdüyü beş qətnamənin qəbul olunmasına görə Tahaya və İƏT-ə Azərbaycan xalqı adından təşəkkürünü bildirib.

Hüseyn İbrahim Taha öz növbəsində Azərbaycanla İƏT arasında inkişaf edən hərtərəfli əlaqələrin səviyyəsindən öz məmnunluğunu dilə gətirib, Azərbaycanın həm bu təşkilatda, həm də Beynəlxalq arenada fəal rolunu yüksək təqdir edib.

Həmçinin Hüseyn İbrahim Taha Azərbaycana ziyarətini, ölkə başçısı İlham Əliyevlə, dövlət rəsmiləri ilə, o cümlədən Şeyxülislamla Bakıdakı görüşlərini məmnuniyyətlə xatırlayaraq həmin görüşlərin onun qəlbində silinməz izlər buraxdığını dilə gətirib.

Görüş iştirakçıları tərəflər arasında gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Görüşün sonunda İƏT baş katibi Şeyxülislam həzrətlərindən Azərbaycan prezidenti İlham Əliyevə öz səmimi salamlarını çatdırmasını xahiş edib.

 

2